DSX-nin Sahil Mühafizəsinin yaradılmasının 11-ci ildönümüdür YENİLƏNİB

DSX-nin Sahil Mühafizəsinin yaradılmasının 11-ci ildönümüdür YENİLƏNİB

Bu gün Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaradılmasının 11-ci ildönümü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Dövlət Sərhəd Xidməti rəisi, Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev iştirak edib. Tədbir iştirakçıları öncə Heydər Əliyev İdeoloji Mərkəzinə və Sahil Mühafizəsinin tarixini əks etdirən muzeyə baxış keçiriblər.

Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlanan rəsmi hissədə Azərbaycan Respub-likasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Sahil Mühafizəsinə səfərlərini, Sahil Mühafizəsinin xidməti-döyüş fəaliyyətini əks etdirən videogörüntülər nümayiş etdirilib.

DSX-nın Sahil Mühafizəsinin rəisi, general-mayor Əfqan Nağıyev bildirib ki, sərhəd mühafizəsinin müasir tələblər səviyyəsinə qaldırılması, dövlət sərhədlərinin toxunulmazlığının təmin olunması istiqamətində davamlı dinamik inkişafa nail olunub.

Ə. Nağıyev dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycana məxsus bölməsində karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində Sahil Mühafizəsinin fəaliyyəti haqda məlumat verib.

Dövlət Sərhəd Xidməti rəisi, Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin müəyyən-ləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin müasir tələblər səviyyəsinə qaldırılması, dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması istiqamətində davamlı dinamik inkişafa nail olunduğu qeyd edib.

E.Quliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Koman-danı cənab İlham Əliyevin 18 fevral 2005-ci il tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaradılması və 2008-ci ilin noyabr ayının 8-də Ali Baş Komandan tərəfindən DSX-nin Sahil Mühafizəsinin yeni bazasının istifadəyə verilməsi ilə ölkəmizin dəniz sərhədlərinin mühafizəsinin yeni mərhələyə yüksəlməsi xüsusi qeyd edib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 11 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası"na əsasən dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azər-baycana mənsub bölməsində karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində Sahil Mühafizə-sinin uğurlu fəaliyyəti haqqında məlumat verilib.

Tədbirdə xidməti-döyüş fəaliyyətində yüksək nəticələr əldə etmiş bir qrup hərbi qulluqçu təltifləndirilib.

Dövlət Sərhəd Xidməti rəisi, Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev media nümayəndələri ilə birlikdə "Şahdağ" və "Tufan" sərhəd gözətçi gəmilərinə baxış keçirib.

2014-cü ilin iyul ayının 18-də açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin iştirak etdiyi Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində qısa müddət ərzində altı ədəd üçüncü dərəcəli və bir ədəd ikinci dərəcəli sərhəd gözətçi gəmisi inşa edilərək döyüş sıralarına daxil edilib. Sərhəd gözətçi gəmiləri, mükəmməl naviqasiya və rabitə-radiotex-nika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı komplekslər, gecə-gündüz görmə müşahidə sistemləri, hidroaküstik qurğularla təchiz ediliblər.

Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələri yerinə yetirə bilən və itisürətli qayıqla təchiz olunmuş, dəniz şəraitində göyərtəsinə helikopterin enməsi də mümkün olan ikinci dərəcəli gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı geniş istifadə olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci ilin sentyabr ayının 7-də inşası yekunlaşmış ikinci dərəcəli sərhəd gözətçi gəmisi ilə tanış olması, dəniz sərhədlərinin və neft-qaz infrastrukturunun mühafizəsi üzrə mühüm tapşırıqlar verməsi qürur hissi ilə qeyd edilib.

Ən müasir sərhəd gözətçi gəmilərinə və katerlərinə malik olan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi hazırda Xəzər dənizində hər cür hava şəraitində dövlət sərhədinin mühafizəsini təmin etmək imkanlarına malikdir. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, dənizçilərin peşəkarlıq səviyyəsinin artırılması xidməti-döyüş fəaliyyətinin nəticələrinə bilavasitə müsbət təsir göstərir. Şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsinə, ekstremal şəraitdə peşə vərdişlərinin yüksək səviyyədə olmasına xidmət edən müxtəlif mövzulu döyüş və taktiki təlimlərin keçirilməsi Dövlət Sərhəd Xidmətində artıq ənənə halı alıb.

Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri hazırladığı maraqlı konsert proqramını tədbir iştirakçılarına təqdim edib.

Tədbirin sonunda Dövlət Sərhəd Xidməti rəisi, Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev və qonaqlar şəxsi heyətlə birlikdə nahar ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə