Vüqar Zifəroğlu: “Cənubi Qafqaza diqqətin artması təbiidir” AÇIQLAMA

Vüqar Zifəroğlu: “Cənubi Qafqaza diqqətin artması təbiidir” AÇIQLAMA

"Suriyada baş verənlər, eləcə də Türkiyə-Rusiya arasında olan gərginliyin artan xətt üzrə inkişaf etməsi, münaqişənin miqyasının daha da genişlənəcəyi narahatlığını yaradır. Hər iki ölkə bölgədə aktiv siyasi xətt yürüdür və maraqların toqquşması, qarşıdurmanın sərhədlərinin genişlənəcəyi təsəvvürünü formalaşdırır". Bunu SİA-ya açıqlmasında "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, fəlsəfə doktoru Vüqar Zifəroğlu deyib.

O qeyd edib ki, Türkiyənin baş naziri Əhməd Davudoğlunun ukraynalı həmkarı Arseniy Yatsenyukla keçirdiyi mətbuat konfransında Rusiyanı ittiham etməsi və post-sovet məkanında bu gün üçün aktuallıq kəsb edən münaqişələrdə şimal ölkəsini səbəbkar olaraq göstərməsi, artıq proseslərin Yaxın Şərqlə və ya Suriya ilə məhdudlaşmayacağı qənaətini yaradır: "Cənubi Qafqaz isə, strateji əhəmiyyətə malikdir və bu səbəbdən də bölgəyə olan diqqətin artması əslində təbiidir".

V.Zifəroğlu bildirib ki, Türkiyə Azərbaycana qardaş ölkə və strateji müttəfiqdir. Vurğulayıb ki, Rusiya da eyni zamanda Azərbaycan üçün əhəmiyyətli ölkədir: "Bu əhəmiyyət təkcə yaxın keçmişdə mövcud olmuş tarixi-siyasi bağlılıqla əlaqədar deyil, eyni zamanda orada yaşayan çoxsaylı soydaşlarımız və aramızda olan siyasi münasibətlərlə əlaqədardır. Rusiya-Türkiyə münasibətlərindəki gərginlik Azərbaycanın bir dövlət olaraq, maraqlarında deyil".

Onun sözlərinə görə, Azərbaycan müstəqil ölkə olaraq Suriya məsələsində qarşıduran tərəflərdən heç birinin mövqeyini müdafiə etmir: "Çünki münaqişə edən və ya münaqişədə dolayısı ilə iştirak edən tərəflərin hər birinin öz maraqları və hədəfləri var. Biz sadəcə olaraq hər iki qonşu ölkə arasında olan münasibətlərin daha normal məcraya dönüşünü arzu edə bilərik. Baş verənlər isə, bunun heç də tez bir zamanda olmayacağını deməyə əsas verir".

Bütün xəbərlər Facebook səhifəmizdə