Mirkazım Kazımov: "Məqsəd vətəndaşlarımızın böhrandan az zərər görməsidir” MÜSAHİBƏ

Mirkazım Kazımov: "Məqsəd vətəndaşlarımızın böhrandan az zərər görməsidir” MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Mirkazım Kazımovun SİA-ya müsahibəsi

- Mirkazım müəllim, bildiyimiz kimi, Prezident İlham Əliyev son vaxtlarda bir neçə müşavirə keçirdi və müşavirələrin hər birində sosial-iqtisadi məsələlər prioritetlik təşkil etdi. Sizcə, bu kimi müşavirələrin dünyada, o cümlədən ölkəmizdə baş verən iqtisadi böhrandan çıxmasına hansı müsbət təsirləri ola bilər?

- İlk öncə onu deyim ki, Cənab Prezidentin keçirdiyi müşavirələr tarixi əhəmiyyətlidir. Dövlət başçısının keçirdiyi hər bir müşavirə böyük əhəmiyyət kəsb edir. Çünki dövlət başçısının keçirdyi hər bir toplantı, hər bir tədbir bilavasitə ölkəmizin, xalqımızın sosial rifahına, dövlətimizin daha da güclənməsinə hesablanmış mütərəqqi addım kimi qiymətləndirilir. Yeni prioritetelərin müəyyənləşdirilməsi, qarşıya qoyulmuş məqsədlərin operativ qaydada icra olunması əslində, dünya ölkələri üçün bir örnək, bir nümunədir. Belə ki, ölkə başçısının keçirdiyi hər toplantıdan sonra siyasi, sosial, iqtisadi və s. yönlərdə əməli konsepsiyalar reallaşdırılır. O cümlədən, ortaya qoyulan və bütün sahələri əks etdirən yeni tezislərin müəyyənləşdirilərək müvafiq strukturlara tapşırılması da bu konteksi əhatə etməkdədir.

Bildiyimiz kimi, Prezident İlham Əliyev icra başçıları, sahibkarlarla keçirdiyi hər bir görüşündə son vaxtlar dünyada gedən siyasi, iqtisadi proseslərə toxunmaqla yanaşı, yaşanan maliyyə böhranı ilə bağlı vacib detalları açıqlayır. Yəni bu faktorun özü də isbat edir ki, dövlətimizin başçısı bu və ya digər şəkildə həmin məsələni daim diqqətində saxlamaqdadır. Bu gün dünya dövlətləri ciddi maliyyə böhranı ilə üzləşiblər, müxtəlif ölkələrdə sosial partlayışlar baş verir, iqtisadiyyatları ağır tənəzzülə uğrayır. Neftin qiymətinin düşməsi əksər ölkələrin iqtisadiyyatını iflic etdi, həmin ölkələrdə həlli qeyri-mümkün olan yeni sosial problemlər yaratdı. Baxmayaraq ki, Azərbaycan da neft ölkəsidir, mövcud iqtisadi böhrandan sonra xalqımız elə də ciddi sosial problemlərlə üzləşmədi. Ölkə iqtisadiyyatında da heç bir geriləmə baş vermədi. Prezident İlham Əliyev əslində bütün bunları bir neçə il öncədən proqnozlaşdırmışdı. Keçirdiyi əvvəlki görüşlərində Onun qeyri-neft sektorunun inkişafı ətrafında irəli sürdüyü mühüm fikirləri, məsələn, texnoparkların yaradılması, özəl sektorun inkişafı, yerli məhsullar istehsal edən sənaye strukturlarının yaradılması və s. amillər bu gün iqtisadi böhran zamanı Azərbaycanın digər ölkələr kimi ciddi fəsadlarla qarşılaşmasının qarşısını almağa müvəffəq oldu.

- İqtisadi böhran zamanı yeni iş yerlərinin açılması barədə nə deyərdiniz?

- Dünyada baş verən iqtisadi böhrana baxmayaraq Azərbaycan iqtisadi layihələrini həyata keçirməkdədir. Çünki Azərbaycan iqtisadiyyatı yalnız neftdən, yalnız neft gəlirlərindən asılı deyil, dövlət büdcəsinin böyük hissəsi qeyri-neft sektorundan əldə olunan gəlirlər hesabına formalaşır. Təsəvvür edin ki, bu gün böhran yaşayan böyük dövlətlərdə demək olar ki, bütün qurumlarda, nüfuzlu şirkətlərdə, korporasiya və holdinqlərdə minlərlə işçilər ixtisar edilir, nəticədə böyük işsizlər ordusu yaranıb. Amma belə bir sosial-iqtiasadi xaos Azərbaycanda yoxdur və hər bir Azərbaycan vətəndaşı buna görə öz dövlət başçısına minnətdar olmalıdır.

Baxın, daha bir misal gətirək. Ölkəmiz heç bir xarici dövlətdən borc almayıb. Bu, onu göstərir ki, bizim dövlətin gücü yetlərli qədər çoxdur. Ancaq digər Avropa ölkələrinə baxsaq görərik ki, onlar borc almaqdan ötrü Dünya Bankınn qarşısında sıraya düzülüblər. Bir növ vaxtilə Yunanıstanın düşdüyü ağır sosial-iqtisadi fəlakəti bir çox ölkələr də yaşayır. Növbəti məqama diqqət yetirək. Cənab Prezident müşavirələrində bir neçə dəfə yeni iş yerlərini açılaması məsələsini konkret şəkildə ortaya qoydu, insanların işlə təmin olunmasının vacibliyini vurğuladı. Məhz Onun bu tapşırığından sonra, dövlət strukturları minlərlə işçi vakansiyalarını xalqın üzünə açdı, sadə insanlarımız növbəti dəfə işlə təmin olundular. Müqayisə isə budur – Avropanın, Qərbin mənəm-mənəm deyən ölkələrinin böyük şirkətləri minlərlə işçilərini ixtisara salır, Azərbaycanda isə minlərlə insan işə qəbul edilir. Bu gün həmin ölkələr buyurub, Azərbaycandan öyrənsinlər ki, belə məqamlarda hansı tədbirlərlə ölkəni böhrandan xilas etmək olar. Ən əsası isə, ölkəmizdə siyasi sabitlik mövcuddur və bundan sonra da belə olacaq. Bütün bu amilləri nəzərə alaraq hesab edirəm ki, Cənab Prezidentin keçirdiyi müşavirələr həqiqətən də öz uğurlu nəticələrini verməkdədir. Təbii ki, bizlər də bir vətəndaş kimi Onun ətrafında sıx biləşməli, vəziyyətdən birgə çıxmağımız üçün daim dövlətimizin, dövlətçilik maraqlarımızın qorunmasında iştirak etməliyik.

- Mirkazım müəllim, ölkə başçısı ötən müddət ərzində bir neçə dövlət qurumlarını ləğv etdi, onların yerinə yeniləri yaradıldı. Bu addımın əsasında hansı amillər dayanır?

- Bildiyimiz kimi, Prezidentin fərmanı ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ləğv edildi və Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı. Hesab edirəm ki, bu çox mühüm və düşünülmüş addım oldu. Həmçinin bir neçə ali hərbi məktəblərin də birləşməsi olduqca əhəmiyyətli qərar idi. Bütün bu addımların hamısı dövlətimizin daha da inkişafı, xalqımızın daha da yaxşı yaşaması üçündür. Yəni elə qurumlar var idi ki, onların fəaliyyətləri demək olar ki, eynilik təşkil edirdi. Bu isə xərclənəcək əlavə vəsait demək idi. Şübhəsiz ki, Azərbaycan üçün də həssas olan belə bir məqamda mühüm addımlar atılmalı idi və Cənab Prezident də bu əhəmiyyətli addımları atdı. Çünki müsahibənin əvvəlində də dediyim kimi, cənab İlham Əliyevin əsas məqsədi vətəndaşın yaxşı yaşaması və böhrandan olduqca az zərər görməsidir. Büdcəyə qənaət olunması üçün isə fundamental qərarların qəbul olunması vacib idi ki, buna da əməl edildi. Dövlət başçısı yeni yaradılan qurumlar qarşısında, ümumiyyətlə, hökumət qarşısında vacib məsələlər qoydu və inanıram ki, bütün bunlar qısa zaman kəsimində öz müsbət təsirini göstərəcəkdir.

- Ölkə başçısı bütün çıxışlarında sahibkarlığın inkişafı barədə əhəmiyyətli məqamlara toxunur. Ümumiyyətlə, sahibkarlığın inkişafı mərhələsində görülən işləri necə qiymətləndirərdiniz?

- Şübhəsiz ki, Azərbaycanda sahibkarlıq çox yüksək səviyyədə inkişaf etməkdədir. Bütün sahələr üzrə sahibkarlığın inkişafı göz qabağındadır. Xüsusilə, regionlarımızda bu istiqamətdə əməli tədbirlər həyata keçirilir. Sahibkarlara güzəştli kreditlərin verilməsi, subsiduyaların ayrılması faktorları bu gün də uğurla icra olunmaqdadır. Sahibkarlığın inkişafı yeni-yeni iş yerlərinin açılması, ölkə iqtisadiyyatının güclənməsi deməkdir. Mühüm məqam da budur ki, Cənab Prezident İlham Əliyev sahibkarlıq subyektlərini açılışnda şəxsən iştirak edir. Bu sahibkarlara göstərilən ən böyük qayğı, ən mükəmməl dəstəkdir. Bu o deməkdir ki, dövlət başçısı daim sahibkarların yanındadır.

Təbii ki, onlar da öz növbələrində göstərilən diqqət və qayğıya biganə yanaşmamalı, vicdanla işləməli, insanları işlə təmin etməli və dövlətin göstərdiyi etimada layiq olduqlarını əməmli qaydada sübut etməlidirlər. Təsəvüvr edin ki, Prezidentin müşavirəsindən sonra sahibkarlıq sahəsində ildırım sürətli bir inkişa oldu. Cəmi bir neçə gün ərzində daxili istehsalatın həcmi artdı, yeni iş yerləri yaradıldı, yeni müəssisələrin açılışı oldu. Sahibkarlar qarşısında yaradılan süni əngəllər də aradan qaldırılıb, dövlətin bu istiqamətdə mühüm qərarları oldu. Əminəm ki, qısa bir müddət ərzində Azərbaycan öz inkişafının daha səmərəli olan növbəti mərhələsini yaşayacaqdır. Çünki Azərbaycan iqtisadiyyatı sağlam, sarsılmaz ideyalar üzərində qurulub. Bu sarsılmazlığı isə heç bir böhran, heç bir xarici təsir poza bilməz!

Bütün xəbərlər Facebook səhifəmizdə