Politoloq: “Bir qığılcım kifayətdir ki, müharibə başlasın” AÇIQLAMA

"Rusiya Suriyada insanların həlak olmasında günahkardır"
Politoloq: “Bir qığılcım kifayətdir ki, müharibə başlasın” AÇIQLAMA

"Yeni Dünya müharibəsinin əlamətləri var. Lakin yeni dünya müharibəsi başlasa, yer üzərində bütün sivilizasiyalar məhv ola bilər". Bunu SİA-ya politoloq Qabil Hüseynli Rusiyanın baş naziri Dmitriy Medvedevin Suriya böhranı ilə bağlı hər hansı ortaq məxrəcə gəlinməzsə, yeni dünya müharibəsinin başlana biləcəyi ilə əlaqədar fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, son günlər Rusiyanın ritorikasında yeni dünya müharibəsi üstünlük təşkil etməyə başlayıb: "Bu, Qərb ölkələrində nüvə müharibəsi qorxusundan irəli gəlir. Vəziyyət dünya müharibəsi həddinə yaxındır. Yaxın Şərqdə çox güclü hərbi qarşıdurma gözlənilir. Səudiyyə Ərəbistanı 30 müsəlman dövlətinin ittifaqını yaradaraq, Cənub fırtınası adı altında Suriya üzərinə hücuma keçməyə hazırlaşır. Belə şəraitdə onların ruslarla toqquşması baş verə bilər. Türklər bundan istifadə edib Suriya ərazisinə girə bilər. Hətta türk ordusunun Hələb istiqamətində hərəkət etdiyi də bildirilir. Belə olan halda, ruslar daha radikal tədbirlərə əl ata bilərlər. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, vəziyyət dünya müharibəsi həddinə çatdırılıb. Sadəcə bir qığılcım kifayətdir ki, müharibə başlasın".

Q. Hüseynli söyləyib ki, əgər müharibə baş versə, buna səbəb Rusiya olacaq: "Çünki, Rusiya Suriyada Bəşər Əsədi qoruyub saxlamaq istəyir. Bəşər Əsəd öz ölkəsindən 12.5 milyon insanı qaçqın edib, 30 mindən çox insanın ölümünə səbəb olub. Əli qana batmış insanı hakimiyyətdə saxlamağa cəhd edən ölkənin Suriyada sülh yaratmağa mənəvi haqqı varmı? Rusiya Suriyada insanların həlak olmasında günahkardır. Rusiya həddindən artıq şantajçı, radikal mövqe tutur. Onların bu cür mövqe tutması, ciddi problemlər yarada bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə