Ərdoğandan BMT-yə sərt İTTİHAM

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Suriya ilə sərhədlərini açması və qaçqınların ölkə daxilinə o minlərlə qaçqını buraxması barədə BMT-nin çağırışını tənqid edib. SİA xəbər verir ki, Ərdoğanın fikirlərini "Hürriyyət" qəzeti dərc edib.

"Suriyada baş verənlər artıq deportasiya və soyqırımıdır. Bəs BMT nə deyir – "qapınızın ağzına yığılmış insan kütləsini içəri buraxın". Bəs onda siz (BMT) nəyə lazımsınız? Sizin mənanız nədir? Məgər bunu etmək sizcə sadədir?", - deyə prezident BMT-yə xitabən sual edib.

Ərdoğan xatırladıb ki, Türkiyə öz ərazisinə milyonlarla suriyalını və irqalını buraxıb: "Biz öz evimizə 3 milyon suriyalını və irqalını buraxmışıq. Maraqlıdır, siz nə qədər qaçqını öz evinizə buraxdınız? Hansı ölkə bu qədər qaçqını, insan kütləsini öz ərazisinə buraxardı?".

Türkiyə prezidenti əlavə edib ki, BMT Türkiyəyə 455 milyon dollar pul verib. Hansı ki, Türkiyə bu rəqəmlə müqayisədə 2011-ci ildən indiyə qədər 10 milyard pul xərcləyib.

Davudoğlu: "Bəzi ölkələr Rusiyaya "kifayətdir" sözünü deməyə çəkinirlər"

Qeyd edək ki, ölkənin baş naziri Əhmət Davudoğlu da öz növbəsində Niderlanda səfəri zamanı Türkiyəyə suriyalı qaçqınlar üçün sərhədləri açmaq çağırışları edən tərəfləri kəskin şəkildə tənqid edib.

"Hesab edirəm ki, bu kimi çağırışlar edən ölkələr ikiüzlüdürlər. Onlar bir tərəfdən bizdən tələb edirlər ki, sərhədləri açaq, digər tərəfdən isə Rusiyaya "kifayətdir" sözünü deməyə çəkinirlər"-deyə baş nazir ittiham edib.

Xatırladaq ki, bu ərəfələrdə BMT-nin qaçqınlar üzrə ali komissarlığı Türkiyəyə Suriya ilə sərhədləri açmağı, minlərlə qaçğını ölkə ərazisinə buraxmağı tövsiyə etmişdi.

"Bir çox insanlara sərhədi keçməyə imkan vermirlər. Biz Türkiyədən xahiş edirik ki, müharibəyə heç bir aidiyyatı olmayan və beynəlxalq təhlükəsizliyə arxalanan mülki suriyalılar üçün sərhədlər açılsın"-deyə komissarlığın rəsmi nümayəndəsi Vilyam Spindler Cenevrədəki çıxışında bəyan edib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə