Nazir: “İsveç Leyla və Arif Yunusların həbsdən azad edilməsini alqışlayır” YENİLƏNİB

Nazir: “İsveç Leyla və Arif Yunusların həbsdən azad edilməsini alqışlayır” YENİLƏNİB

İsveç Krallığının xarici işlər naziri xanım Marqot Vallström Azərbaycan Respublikasına işgüzar səfəri çərçivəsində bu gün Azərbaycan Xarici İşlər Nazirliyində olub. SİA-nın məlumatına görə, Marqot Vallströmla nazir Elmar Məmmədyarov arasında həm təkbətək, həm də geniştərkibli görüş keçirilib.

Görüşdə hər iki nazir ölkələr arasındakı əməkdaşlıq əlaqələrindən və gələcək planlardan danışıb. Rəsmilər həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, ATƏT-in Minsk qrupu həmsədrlərinin bu işdə fəallığının artırılmasının vacibliyini vurğulayıblar.

Daha sonra hər iki nazirin birgə iştirakı ilə mətbuat konfransı keçirilib və jurnalistlərin suallarına aydınlıq gətirilib.

Nazir Marqot Vallström bildirib ki, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla görüşü zamanı Avropa İttifaqı və Azərbaycan arasında sənədlərin yenilənməsi haqqında danışıb: "Həmçinin Qarabağdakı vəziyyəti müzakirə etdik. Gələcəkdə vəziyyətin deskalasiyası üçün fikir mübadiləsi etdik. Münaqişənin siyasi yolla həllinə üstünlük veririk. Minsk qrupunun fəaliyyətini dəstəkləyirik".

Vallström İsveçin BMT TŞ şurasına üzvlük üçün müraciətini dəstəklədiyi üçün Azərbaycana təşkkür edib və qeyd edib ki, İsveç BMT TŞ üzvü kimi regiona töhfə verə bilər.

Elmar Məmmədyarov deyib ki, Azərbaycan və İsveç arasında münasibətlər yüksək səviyyədədir: "Azərbaycan Respublikası hökuməti ilə İsveç Krallığı hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya" adlı sənəd imzalanıb. Bununla Azərbaycan şirkətləri İsveçdə geniş şəkildə investisiya qoya biləcək. Bu sənəd hüquqi baxımdan vacibdir".

Nazir Ermənistan-Azərbaycan arasındakı münaqişə haqqında xanım naziri məlumatlandırdığını deyib. O, əlavə edib ki, İsveç BMT TŞ-nin üzvü olmaq istəyir.

İsveçli nazir deyib ki, Azərbaycan və İsveç arasında imzalanmış sənəd münasibətlərin gücləndirilməsi üçün vacib addım idi: "Dini dialoq və tolerantlıqda Azərbaycanı öz təşəbbüslərinə görə təbrik edirəm. O həmçinin əlavə edib ki, ölkəsi Leyla və Arif Yunusların həbsdən azad edilməsini alqışlayır".

Konfransa diskussiya şəklində yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə