Akademik Cəlal Əliyev I Fəxri xiyabanda dəfn olunub YENİLƏNİB

Akademik Cəlal Əliyev I Fəxri xiyabanda dəfn olunub YENİLƏNİB

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin üzvü, AMEA-nın həqiqi üzvü, biologiya elmləri doktoru Cəlal Əlirza oğlu Əliyevlə Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasında vida mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri iştirak ediblər.

AMEA-nın prezidenti Akif Əlizadə mərasimdə çıxış edərək bildirib ki, C. Əliyev bütün ömrünü elmə həsr edib, Azərbaycanın görkəmli bioloq alimlərindən biri olub.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov isə diqqətə çatdırıb ki, akademik Cəlal Əliyev 1990-cı ildə AMEA-nın bağlanmasına çalışanların qarşısında dayanıb, institutlarının, mülkiyyətinin qorunmasında böyük əmək ortaya qoyub: "Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə AMEA-nın üzərindəki qara buludlar dağılıb".

Daha sonra AMEA-nın müxbir üzvü Validə Əlizadə, akademik Böyükkişi Ağayev, C. Əliyevin tələbəsi olmuş AMEA-nın müxbir üzvü İbrahim Əzizov C. Əliyevlə bağlı xatirələrini, ürək sözlərini dilə gətiriblər.

Qeyd edək ki, akademik uzun sürən xəstəlikdən sonra evində vəfat edib. C.Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib.

1948-ci ildən Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında laborant işləyib. 1954-cü ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1971–1990-cı illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, laboratoriya müdiri, şöbə müdiri, Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olub.

O, I-III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

C.Əliyev "İstiqlal" ordeni ilə təltif edilib. O, 18 aprel 2014-cü ildə Kənd təsərrüfatı sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Həsən bəy Zərdabi adına mükafatla təltif olunub.

Akademikin 1 övladı var.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə