YAP GB Gənclər Gününü qeyd edib YENİLƏNİB

YAP GB Gənclər Gününü qeyd edib YENİLƏNİB

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 2015-ci il ərzindəki fəaliyyətinə və 2 fevral Gənclər Gününə həsr olunmuş tədbiri keçirilib. SİA xəbər verir ki, tədbirdə Baş nazirin müavini, YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov, Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov, vitse-spiker Bahar Muradova, YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı, YAP GB-nin sədri Seymur Orucov, millət vəkilləri və YAP-ın fəal üzvləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə açıq elan olunub. Əvvəlcə, Cənab Prezidentin apardığı uğurlu siyasət yolunu özündə ehtiva edən video-çarxın nümayişi olub. Ardınca isə YAP GB-nın 2015-ci ildəki fəaliyyətini əks etdirən digər bir video-çarx təqdim olunub.

Daha sonra çıxış edən Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov YAP Gənclər Birliyinin yarandığı gündən bu yana uğurlu inkişaf yolu keçdiyini bildirb: "Biz Ulu Öndər məktəbinin yolçularıyıq. Bu gün partiya gənclərinin qarşısında duran əsas məsələ Azərbaycanda hüquqi dövlət quruculuğunda yaxından iştirak etməkdir. Dünən gəncləri qəbul edən Cənab Prezident bütün gənclər qarşısında, dəqiq strategiya qoydu, yəni gənclər necə işləməlidir, əsas məqsədləri nədən ibarətdir".

YAP gəncləri dövlətin bütün fəaliyyət sahələrində çox aktivdirlər. Cənab Prezident dünənki görüşdə də bir daha bu məsələləri vurğuladı. Ölkə başçısı bu gün dünyada hansı hadisələrin baş verdiyini çox düzgün analiz edir. Avropa gəncləri iki qat, üç qat enerji ilə işləyirsə, Azərbaycan gəncləri onqat daha enerjiylə çalışmalıdır. Azərbaycana qarşı dünyanın bir çox yerlərindən idarə olunan xoşagəlməz hallar baş verir. Buna qarşı gənclərimiz daha aktiv olmalıdırlar.

AŞPA-nın qış sessiyasında Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı məsələlər müzakirə olundu. Sərsəng su anbarı ilə bağlı 2 hesabat hazırlanmışdı. Təəssüf ki, bu gün dünyada beynəlxalq hüququn norma və prinsipləri işləmir. Beynəlxalq hüquq böyük dövlətlər üçün məşğuliyyət, kiçik dövlətlər üçün məhdudiyyətdir.

Çıxış edən Milli Məclisin vitse-spikeri Bahar Muradova bütün Azərbaycan gəncliyini salamlayaraq onları qarşıdan gələn Gənclər Günü münasibətilə ürəkdən təbrik edib: "YAP bizim hər birimizə doğmadır. YAP GB da bu partiyanın qəlbindən doğan gələcək perspektivlərə yönələn təşkilatdır. Bizlər də özümüzü bu təşkilatda sıra nəfəri kimi hesab edirik. Bizlər partiyanın qarşısında çox mühüm həlli vacib məsələlər dayanan zaman bu sıralara qoşulmuşuq və Ulu Öndər Heydər Əliyev ideyaları Azərbaycan naminə gördüyümüz işlərə işıq saçmışdır. Həmin ideyalar bizi daha fədəkar olmağa ruhlandırır.

Azərbaycan bu illər ərzində uğurlu inkişaf yolu keçib. YAP hərəkətverici qüvvə kimi ölkəmizin ictimai-siyasi sabitliyinin qorunmasında, dövlət quruculuğunun formalaşdırılmasında yaxından iştirak edib. YAP GB gənclərimizi ölkənin ictimai-siyasi həyatında iştiraka hazırlayan bir təşkilatdır. Bu gün ölkəmizin müxtəlif sferalarında uğurlu fəaliyyəti ilə seçilən bir çox insanlar məhz YAP-da yetişiblər".

Cənab Prezident tərəfindən mükafatlandırılan gəncləri təbrik edən Bahar Muradova qeyd edib ki, gənclər nə qədər fəallıq göstərsələr, fədakarlıq etsələr, Azərbaycan naminə yorulmadan çalışsalar rəhbərlik tərəfindən də hər zaman diqqət və qayğı ilə əhatə olunacaqlar.

Yekun nitqi ilə çıxış edən Baş nazirin müavini, YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov bütün gəncləri Azərbaycanın gənclik həyatında ən önəmli gün-gənclik günü münasibətilə təbrik edib: "Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu bayram gənclik hərəkatının inkişaf etməsində əhəmiyyətli töhfə olub. Bu gün gənc qız və oğlanlarımız ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər, öz nailiyyət və uğurları ilə təkcə yaxınlarını deyil həm də üzvü olduqları YAP-ı, dövlətimizi, cəmiyyətimizi qürurlandırırlar. Sizin inkişafınız, nailiyyətləriniz, göstərdiyiniz fədəkarlıq bizim hər birimiz üçün qürur mənbəyinə çevrilib. Bugünkü gənclik Azərbaycanın parlaq gələcəyinin bariz ifadəsidir. Bu gəncliklə Azərbaycan cəmiyyəti gələcəkdə daha böyük uğurlar qazanacaq. Biz buna inanırıq. İnamımızın əsasını sizin dərin, sarsılmaz vətəndaş mövqeyiniz, biliyiniz, fəallığınız və Azərbaycan dövlətinə, onun başçısına sədaqətiniz təşkil edir

YAP GB Azərbaycanın gənclik hərəkatının ayrılmaz tərkib hissəsidir. Ölkəmizin fəal gənclərinin böyük əksəriyyəti YAP GB-də birləşib. Onlar partiyamızın rolunun, qüdrətini ndaha da artmasına töhfələrini verirlər.

2015-ci ildə Azərbaycanda böyük siyasi hadisə - parlament seçkiləri keçirildi və YAP xalqın böyük inamı ilə qələbə qazandı. YAP GB partiyanın apardığı seçki kampaniyasında böyük köməklik etdi. Onlar kampaniyanın bütün gedişatında fədakarlıq göstərdilər. Partiyamızın uğurların əsasında onun gənclərinin yorulmaz səyləri dayanır. İnanıram ki, bir neçə illər sonra parlament seçkilərində namizəd kimi məhz bu seçki kampaniyalarında fəallığı ilə seçilən gənclər olacaqlar. YAP GB özünü cəmiyyətə yüksək səviyyədə təqdim edərək ictimai hörmət qazanıb. Bunlar YAP-ın siyasi aktivini daha da gücləndirən hadisələrdir. Biz sizlərin səmərəli işlərini, fədakarlığını yüksək qiymətləndiririk.

Ölkə Prezidenti, partiyamızın sədri Cənab İlham Əliyev dünən Azərbaycan gənclərinin bir qrup nümayəndəsini qəbul etdi. Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Cənab Prezident gənclərə hər zaman böyük diqqət və qayğı göstərir. Dünənki görüş də bunu bir daha sübut etdi. Azərbaycan gəncliyini inkişafı üçün ölkə başısı tərəfindən böyük imkanlar, münbit şərait yaradılıb.

Bu gün Azərbaycanın qarşısında böyük tarixi vəzifələr dayanır. Ölkəmiz inkişafın yeni mərhələsinə keçidə hazırlaşır. Azərbaycan on ildən çoxdur ki, dünyaya inkişafın unikal modelini təqdim edib. Onun müsbət nəticələri bugünkü Azərbaycan reallıqlarında öz əksini tapıb. Vətəndaşlarımız bu modelin üstünlükləri şəraitində rahat, firavan həyat yaşayır. Bu model dünyanın diqqətini cəlb edib. Prezidentimizin də bir neçə müşavirədə qeyd etdiyi kimi ölkəmiz sürətli iqtisadi inkişaf modelinə keçid dövründədir. Bununla iqtisadi inkişafımız daha da sürətlənəcək, insanlarımızın yaşayış şəraiti yüksələcək.

Ölkə başçısı tərəfindən aparılan islahatlar Azərbaycanın uğurlu gələcəyinə hesablanıb. Gələcək isə gənclərindir. Ona görə də gənclərimiz bu istiqamətdə daha fədəkar olmalı, Cənab Prezidentimizin ətrafında sıx birliyini davam etdirməlidir".

Daha sonra partiyanın yaranmasında fədakar fəaliyyətlərinə görə YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Nəsimi rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov təltif olunublar.

Partiyaya yeni qəbul olunmuş bir qrup gənclərə partiya biletləri təqdim olunub.

YAP GB-nın fəaliyyətində aktiv iştirakına görə müxtəlif nominasiyalar üzrə bir qrup gənclərə sertifikat və qiymətli hədiyyələr verilib.

Tədbir bədii hissə ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə