"Bu qərar verilməsəydi, milli valyutamız daha ciddi tənəzzülə uğraya bilərdi"

"Bu qərar verilməsəydi, milli valyutamız daha ciddi tənəzzülə uğraya bilərdi"

YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədovun müsahibəsini təqdim edirik

- Namiq müəllim, son vaxtlar ölkədə müəyyən iqtisadi durğunluq yaşandı ki, bu da dünyada gedən böhranlı vəziyyətlə əlaqəlidir. Sizcə, Prezident İlham Əliyevin bununla bağlı keçirdiyi müşavirələrdən sonra hansı müsbət dəyişikliklər baş verə bilər?

- Bildiyimiz kimi, ölkə başçısı Cənab İlham Əliyev ölkədə növbəti qətiyyətli islahatlara start verib. Bu, Ulu Öndər Heydər Əliyev yolunun məntiqi davamıdır və məhz bu yol müqabilində Azərbaycan öz müstəqillik illərində çox böyük nailiyyətlər əldə edib. Hansı ki, Azərbaycan öz tarixində belə uğurlar əldə etməyib. Məhz ötən 12 ildə Azərbaycan tarixi həmin nailiyyətləri qazanmağa müvəffəq olub. Paytaxtdan başlayaraq, regionlarımıza qədər böyük tikinti işləri aparıldı, yollar salındı, infrastrukturlar yaradıldı və s. Təbii ki, bütün bunlar Böyük Öndərimiz Heydər Əliyevin bizlərə qoyduğu böyük siyasət, bu siyasətin davamıdır. Həmçinin, əldə edilən uğurların daha bir məntiqi nəticəsi xalqımızın İlham Əliyev Cənablarına göstərdiyi sonsuz etimaddır ki, bu amil indi də öz mövcudluğunu qoruyub-saxlayır.

Dünyada maliyyə-iqtisadi böhran daha böyük olduğuna görə, onun Azərbaycandan yan keçməsi mümkünsüz idi. Çünki bu dəfə neftin dünya bazarındakı qiyməti kəskin şəkildə aşağı düşməyə başladı. Neft ölkəsi olaraq, bu amil bizim iqtisadiyyatımıza öz neqativ təsirlərini göstərdi. Qərara alındı ki, manat üzən məzənnə üzrə hərəkət etsin. Çünki ötən ilin fevral və dekabr ayında manat dollara nisbətdə ucuzlaşmışdı. Əgər bu qərar verilməsəydi, milli vallyutamız daha ciddi tənəzzülə uğraya bilərdi.

O devalvasiyanın ilk günləri xalq istər-istəməz bunu öz üzərində hiss etməyə başladı. Çünki xalqımızın güzəranı, sosial-məişət həyatı uzun illər idi ki, yaxşı idi. Təbii ki, bu gün də ciddi fəsadlar yoxdur. Lakin bütün bunlarla yanaşı, israfçılıq daha çox idi, nəninki qənaətcillik. Ona görə də biz də digər dövlətlər kimi müəyyən dərəcədə kəmərlərimizi sıxmalı, büdcəmizə qənaət etməliyik ki, birgə şəkildə bu böhrandan uğurla çıxmağı bacaraq. Bayaq da dediyim kimi insanlar yaxşıdan-pisə keçərkən bir az çətin olur. Amma bu çətinlikdən birgə şəkildə çıxmalıyıq.

- Müşavirədə yerli məhsullarla bağlı fikirər də səsləndirildi. Sizcə, yerli məhsulların ölkə bazarında möhkəmlənməsi üçün hansı zəruri addımlar atıla bilər?

- Xarici məhsullar dollar və avro ilə alındıqlarına və ölkəyə idxal olunduğuna görə qiymətləri də həmin valyutaların qiymətləri müqabilində müəyyənləşdirilir. Belə məhsulları isə yalnız maddi imkanları çox böyük olan insanlar alır, istifadə edirlər. Ancaq qənaət etməyi bilənlər təbii ki, yenə də yerli məhsullara üstünlük verirlər.

Prezidentimiz də müşavirələrdə bunu deyir. Vurğulayır ki, sadə xalqla yanaşı, məmurlar da yerli məhsullar alsınlar, səmərəni dövlətin iqtisadiyyatına versinlər, nəninki xarici ölkələrə. Bu baş verərsə, biz qeyri-neft sektorunun da inkişafına töhfəmizi vermiş olarıq. Yəni tələbat artdıqca, yerli sənayemiz də artmağa başlayacaq. Çünki Azərbaycanda bunun üçün böyük imkanlar var.

Bu gün istər gömrük sistemində, istərsə də vergidə böyük islahatlar aparılır. İnsanların öz maddi rifahını saxlamaları üşün ölkə rəhbərinin göstərişləri icra edilir. Monopoliya, inhisarçılıq halları aradan qaldırılır. Artıq bu işlə məşğul olan sahibkarlar xarici ölkələrdən hazır məhsul deyil, xammal gətirməlidirlər ki, həmin məhsullar burada, Azərbaycanda istehsal olunsun. Məsələn, ölkə başçımızın yerli avtomobil istehsalı olan "NAZ Lifan"a üstünlük verilməsini xatırlayaq. Şəxsən bizim rayon təşkilatında bir neçə ildir məhz bu avtomobillərdən istifadə edilir. Çox gözəl, keyfiyyətli və əlverişli maşındır. Nəyə görə bütün məmurlar bu avtomobildən istifadə etməməlidirlər ki?

Prezident İlham Əliyev bu günlərdə Özünə iqtisadi islahatlarla bağlı yeni müşavir təyin elədi. Deyərdim ki, mövcud inflyasiya ölkə iqtisadiyyatımızda yeniliklər etməyə stimul verdi. Düşünürəm ki, yerli iqtisadiyyatın inkişafı üçün yeni zavodlar, fabriklər, əkin sahələri açılacaq. Əslində, hər bir şeyi Prezident etməməlidir, bu işlərdə iş adamları, böyük sahibkarlar təşəbbüslər göstərməlidirlər. Əgər bu günə qədər belə təşəbbüslərlə çıxış etməyiblərsə, əlbəttə ki, bu, onların səhvidir, xətalarıdır. Ümid edirik ki, bu neqativliklər də aradan qaldırılacaq.

Məsələn, götürək kənd təsərrüfatını. Düzdür, fermerlərimiz yerli məhsulları istehsal edir, bazarlara çıxarırlar. Ancaq bəzi inhisarçılar xarici məhsulları bazara çıxararaq, yerli və ekoloji təmiz məhsulların qarşısını alan hallara yol verirdilər. Məsələn, mən Qubada olarkən, şahidi olmuşdum ki, gözəl, keyfiyyətli və insan orqanizminə xeyrili olan müxtəlif sortlu yerli almaları məcbur olub atırdılar. Çünki inhisarçılar onların bazara çıxmasına imkan vermirdilər və məhsullar, onlar üçün çəkilən zəhmət hədər gedirdi. Halbuki xaricdən gətirilən və mənşəyi bilinməyən, geni dəyişdirilmiş almalar bazarları götürmüşdü. Təsəvvürünüzə gətirin, nəninki almalar, naringilər, portağallar və s. meyvələr bazar piştaxtalarında, marketlərdə aylarla qalmalarına rəğmən, xarab olmurdular. Xalq da məcbur olub bu məhsulları alırdı. İndi isə bu vəziyyət dəyişəcək və inhisar yolu ilə bazarlara çıxarılan zərərli məhsullar aradan qaldırılacaq.

- Dünyada baş verən iqtisadi böhranın Azərbaycana təsirindən sonra bəzi siyasi qüvvələr bundan ö məqsədləri üçün yararlanmağa cəhd göstərdilər. Ölkəmizə qarşı başladılan bu cür çirkin kampaniyaların arxasında hansı tərəflər dayana bilər?

- Bu gün biz növbəti dəfə Avropada erməni lobbisinin oynadığı oyunların şahidi oluruq. İndi Azərbaycanın iqtisadiyyatını zəif bilib, bizə hücum edənlər böyük şəkildə yanılırlar. Çünki Azərbaycandakı mühit Avropanın və Qərbin heç bir yerində yoxdur. Baxın, bir müddət öncə dini məzhəb zəminində aranı qatmağa çalışdılar. Ancaq ölkəmiz tolerant ölkədir və burada bütün dinlər bir amala-dostluğa, qardaşlığa xidmət edir. Bu gün Azərbaycan yeganə dövlətlərdəndir ki, burada Slavyan Universiteti var və orada slavyan dillər qrupuna aid olan fənnlər tədris olunur. O cümlədən, Bakıda yəhudi dilində məktəb mövcuddur. Azərbaycanın hər bir bögləsində sinaqoqlar və kilsələr fəaliyyət göstərir. Bu baxımdan, belə bir mühitdə ölkəmizə qarşı qərəzli addımlar atmaq qeyri-mümkündür.

Daha bir məqama diqqət çəkmək istərdim. Burada, bayaq da dediyim kimi, təəssüf ki, erməni diasporunun kifayət qədər iş apardığını göstərmək olar. Çox təəssüf ki, bizim diaspora ilə məşğul olan müvafiq qurumumuz elə də ciddi uğurlar əldə edə bilməyib. Ümid edək ki, bu strukturlar yaxın gələcəkdə uğurlu addımlar atacaq.

- Sizcə, Heydər Əliyev Fondu diaspora işində Azərbaycanı dünyaya tanıtmaq və təbliğ etmək işində daha ciddi addımlar atmırmı?

- Diaspora işində mən Heydər Əliyev Fondunun fəaliyyətinə və əldə edilən uğurlara toxunmaq istərdim. Çünki bu fondun əsas mahiyyətlərindən biri və birincisi Azərbaycanı bütün müsbət tərəflərdən dünyaya tanıtmaqdır. Bizim rayonumuzdan millət vəkili seçilən Heydər Əliyev Fondunun prezidenti, ölkənin Birinci Xanımı Mehriban Əliyeva Azərbaycanın mədəniyyətini, elmini, incəsənətini, kuinariyasını, tarixini, milli təfəkkürünü ən kiçik detallarına qədər bütün Avropaya tanıdıb. O, bütün bunları məhz Avropanın qəbul etdiyi dildə avropalılara qəbul etdirir. Bu, çox böyük bir işdir və onun öhdəsindən gəlmək çox böyük zəhmət tələb edir ki, Mehriban xanım bütün bunların öhdəsindən gəlməyi bacarıb və bacarır.

Məsələn, Mehriban xanım Əliyeva bu yaxınlarda İtaliyada, Milanda bir sərgi təşkil etmişdi ki, sizi inandırım Allaha ki, o şəhərdə indiyə qədər hər hansı bir ölkənin tanıdılması baxımından bu cür addım atılmamışdı. Özü də Milanda hər ölkə rahat şəkildə istədiyi sərgini aça bilməz, bu çətin prosesdir, onu qazanmaq lazımdır, çünki müəyyən kriteriyalar mövcuddur. Azərbaycanın sərgisi o qədər insanı özünə cəlb etdi ki, bunu dillə təsəvvürə gətirmək qeyri-mümkündür. İnşaallah, bu sərgi yaxınlarda Azərbaycana - Bakıya da gətiriləcək.

Heydər Əliyev Fondu Fransada, Vatikanda, Almaniyada və digər Avropa ölkələrində tarixi əhəmiyyətə malik olan bir çox tarixi əsərlərin restavrasiyasını həyata keçirərək, əslində Azərbaycan xalqının tolerant və mədəniyyət baxımından nə qədər yüksək pillədə dayandığını isbatlayıb. Məhz bu səbəbləri də nəzərə alsaq, onda Azərbaycanın Avropa ailəsinə nə qədər töhfələr verdiyini görmüş olarıq. Ona görə də Avropada ermənilərin, erməni disaporunun atdığı addımların qarşısının bu kimi möhtəşəm layihələrlə alındığını da deyə bilərik. Sübut olundu ki, biz dünyanın ən qədim, tolerant və sülhpərvər xalqıyıq. Ermənilər isə, sadəcə Yunanıstan çöllərində əmələ gəlmiş köçəri tayfanın bir hissəsidir. Ermənilərin heç vaxt dolması, lavaşı, xalçası, məişət, mədəniyyəti, tarı, balabanı, kamançası, qavalı olmayıb. Heydər Əiyev Fondu bunu dünyaya isbat edib. Bu gün bizim möhtəşəm Muğam Mərkəzimiz var, bu gün bizim dünyada analoqu olmayan Xalça Muzeyimiz mövcuddur. Məgər bütün bunlar erməni lobbisinin bizə qarşı yürütdüyü çirkin siyasətin qarşısını almırmı? Bizdə hər il böyük muğam festivalları keçirilir. Mehriban xanım, bizim milli-mənəvi sərvətimiz olan muğamı diriltdi, ona nəfəs verdi. Halbuki vaxt var idi muğam sənəti ölürdü. İndi Azərbaycan muğamı bütün dünyaya səs salır. Bunları unutmaq olmaz. Biz öz qədim tariximizlə dünyaya öz sözümüzü deyirik.

Bilirsiniz, sözümün canı da odur ki, məmurlar bu və bu kimi digər mühüm amilləri nəzərə almalı, ümumiyyətlə, hər sahədə istər Prezident İlham Əliyev tərəfindən, istərsə də Mehriban xanım Əliyeva tərəfindən görülən işlərin ən azı çox cüzi hissəsini görməli, milli və dövlətçilik maraqlarımızın inkişafında addımlarını atmalıdırlar.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə