Bəhruz Quliyev: “Azərbaycanda mətbuat qonşu dövlətlərlə müqayisədə kifayət qədər azaddır” MÜNASİBƏT

““Human Rights Watch” hazırladığı hesabatda Azərbaycanı istəməyən qüvvələrin istəkləri yer alıb”
Bəhruz Quliyev: “Azərbaycanda mətbuat qonşu dövlətlərlə müqayisədə kifayət qədər azaddır” MÜNASİBƏT

""Human Rights Watch", "Freedom House", "Amnesty İnternational", "Sərhədiz Reportyorlar" kimi beynəlxalq təşkilatlar Azərbaycana qarşı daim qərəzli mövqedə dayanıblar". SİA xəbər verir ki, bu fikirləri "SƏS" Media Qrupunun rəhbəri Bəhruz Quliyev bəzi beynəlxalq qeyri-hökumət təşkilatlarının açıqladığı hesabatlara münasibət bildirərkən deyib.

Bəhruz Quliyev bildirib ki, bu təşkilatlar Azərbaycanda baş verən hadisələri şişirtməklə məşğuldur: "Onlar ölkəmizdə demokratiya istiqamətində aparılan islahatları, edilən dəyişiklikləri, qəbul edilən qərarları görməzdən gəlir, əksinə Azərbaycan əleyhinə daim qərəzli kampaniyalar aparır, hesabatlar hazırlayırlar. Bildiyiniz kimi, beynəlxalq təşkilatların hər biri müxtəlif tapşırıqları yerinə yetirməklə məşğuldurlar. Bu, onların missioner fəaliyyətinin nəticəsidir".

Onun sözlərinə görə, bəzi qüvvələr var ki, Azərbaycanda daima iğtişaşlar törətməyə, aranı qatmağa çalışır, guya demokratiyanın boğulduğunu iddia edirlər: ""Human Rights Watch"ın hazırladığı sonuncu hesabatda məhz həmin qüvvələrin istəkləri yer alıb. Təkcə bu təşkilat deyil, yuxarıda adları çəkilən bir neçə beynəlxalq təşkilatlar da artıq neçə illərdir ki, belə qeyri-obyektiv mövqe sərgiləyirlər. Bu cür hesabatlar qərəzli və əsassızdır".

Həmin təşkilatlar hər dəfə açıqladığı hesabatlarında Azərbaycanda mətbuata təzyiqlər olduğunu, söz azadlığının, fikir plüralizminin pozulduğunu iddia edirlər: "Reallıqda isə bu iddialar cəfəngiyyatdır. Azərbaycanda mətbuat və söz azadlığı, fikir plüralizmi ilə bağlı Milli Məclisin qəbul etdiyi qanunların dünyada analoqu yoxdur. Qanunaltı qərarlar da demokratik inkişafın hüquqi tənzimlənməsini ortaya qoyur. Cənab Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bu yöndə xüsusi tapşırıqlarını verib, mətbuatın inkişafı istiqamətində bundan sonra da addımların atılacağını bildirib. Ölkə başçısının son çıxışlarının birində də dediyi kimi, mətbuat eyni zamanda ictimai nəzarət funksiyasını düzgün yerinə yetirməlidir. Yəni, hakimiyyətin diqqətinə ölkədəki bu və ya digər problemləri çatdırmalı, araşdırmalar aparmalı, şərhlər yazmalı və bir sözlə cəmiyyətin inkişafında, çatışmazlıqların üzə çıxarılmasında gücünü-qüvvəsini əsirgəməməlidir. Bütün bunlar Cənab Prezidentin tövsiyə və tapşırıqlarıdır. Bu fikrin özü göstərir ki, hakimiyyət, konkret olaraq ölkə başçısı mətbuatın inkişafında maraqlıdır və onu güzgü kimi öz missiyasını yerinə yetirməyə istiqamətləndirir".

Media Qrupun rəhbəri qeyd edib ki, Azərbaycanda mətbuat qonşu dövlətlərlə müqayisədə kifayət qədər azaddır: "Ölkəmizdə internet azadlığı mövcuddur. Demokratiyanın beşiyi sayılan ölkələrdə belə internetdə müəyyən tənzimləmə mexanizmləri işləyir, başqa sözlə desək, senzura var. Dövlət hansısa formada internet istifadəçilərinə müəyyən şərtlər daxilində məhdudiyyətlər qoyur. Amma Azərbaycanda Cənab Prezidentin öz çıxışlarında da dəfələrlə qeyd etdiyi kimi, ölkəmizdə internet tam azaddır, hər bir şəxsin fikir müxtəlifliyinə hörmətlə yanaşılır, onların sosial şəbəkələrdə fəaliyyəti təmin olunur. Hər bir ailə internet istifadəçisi ola bilər. Azərbaycanda internetin azad olması, mövcud sağlam mühit insanların istədiyi fikri, hadisəni ictimailəşdirməsinə imkan yaradır. Bu isə demokratiyanın birbaşa və bilavasitə göstəricisidir. Ona görə də bu hesabatlar əsassız, qərəzli və şantajla doludur. Hesab edirəm ki, bunlar Azərbaycana növbəti təzyiq vasitəsi, predmeti sayıla bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə