Vüqar Rəhimzadə: "Azərbaycan hər zaman öz haqlı mövqeyini qətiyyətlə müdafiə edəcək" MÖVQE
YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadənin SİA-ya verdiyi açıqlamanı təqdim edirik:
- Bildiyiniz kimi, AŞPA-nın qış sessiyasında Robert Volter və Markoviçin Ermənistanın işğalçılıq siyasətini ifşa edən hesabatları müzakirəyə çıxarıldı. Bundan öncə ATƏT-in Minsk qrupunun həmsədrləri buna kəskin etirazlarını bildirdilər. AŞPA-nı münaqişəyə müdaxilə etməkdə günahlandırdılar. Bu mövqe həmsədrlərin tərəf tutması kimi qiymətləndirilə bilərmi? Bu formatda danışıqların əhəmiyyəti varmı? AŞPA-da müzakirə olunan hesabatların ikincisi niyə qəbul olunmadı?
- Bu gün Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Bu təmsilçilik özünü zaman-zaman ən yüksək səviyyədə göstərib. Ölkəmiz hər zaman çalışıb ki, bu əməkdaşlıq qarşılıqlı maraqlar üzərində qurulsun və inkişaf etsin. Ötən illərdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə doğru və düzgün şəkildə çatdırılması istiqamətində mühüm işlər görülüb, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra sənəd və qətnamələr qəbul edilib. Təbii ki, proses davam edir.
Sizin də qeyd etdiyiniz kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu günlərdə keçirilən qış sessiyasında Bosniya və Herseqovinadan olan deputatı Militsa Markoviçin "Azərbaycanın sərhəd rayonları sakinlərinin qəsdən sudan məhrum edilməsi" və Böyük Britaniyadan olan deputat Robert Volterin "Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın şiddətlənməsi" adlı hesabatları müzakirəyə çıxarılıb. Təəssüf ki, ikinci sənəd qəbul edilməyib. Çünki Avropadakı bəzi antiazərbaycan dairələr, erməni və ermənipərəst qüvvələr hər zaman bu cür sənədlərin, qətnamələrin qəbuluna qarşı çıxıblar və bəzi hallarda buna nail olublar.
Ancaq sevindirici haldır ki, deputat Militsa Markoviçin "Azərbaycanın sərhəd rayonları sakinlərinin qəsdən sudan məhrum edilməsi" hesabatı ilə bağlı qətnamə qəbul edilib. Bu, çox müsbət haldır. Bir çox ölkələrin AŞPA-da təmsil olunan deputatları reallıqları dərk edib bu sənədin qəbulu ilə bağlı ədalətli mövqe nümayiş etdirdilər. Bunu birmənalı şəkildə ölkəmizin növbəti uğuru kimi qiymətləndirmək olar.
ATƏT-in Minsk qrupu həmsədrlərinin sözügedən hesabatların AŞPA-nın qış sessiyasında müzakirəyə çıxarılmasına kəskin etiraz bildirmələri isə Azərbaycana qarşı tətbiq edilən ikili standartların növbəti təzahürüdür. Bununla onlar münaqişənin həlli məsələsini öz əllərində saxlamağa, mövcud status-kvonu qorumağa cəhd edirlər. Hər halda illərdir həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəaliyyətsizliyi bu reallığı bir daha ortaya qoyur. Həmsədrlərin AŞPA-nın qış sessiyasında ölkəmizlə bağlı hesabatların müzakirəsinə etirazları, həmçinin onların tərəfsizliyini şübhə altına alır. Ermənilər isə qərəzli hesabatlar hazırlayıb müxtəlif dairələrdə müzakirəyə çıxararkən nədənsə biz ATƏT-in Minsk qrupunun üzvlərinin-həmsədrlərin susduqlarının şahidi oluruq. Bu hal bizdə təəssüf doğurur. Eyni zamanda onların bu münaqişəyə ədalətli yanaşmalarını şübhə altına alır. Hesab edirəm ki, bütün təzyiqlərə, qərəzli yanaşmalara baxmayaraq, Azərbaycan bundan sonra da Avropa, eləcə də dünyanın hər bir nöqtəsində öz haqlı mövqeyini qətiyyətlə müdafiə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB