Gənc jurnalistlərlə siyasi jurnalistika müzakirələri FOTOLAR - VİDEO

“Demokratik cəmiyyətdə iqtidar-müxalifət münasibətlərinin işıqlandırılması”
Gənc jurnalistlərlə siyasi jurnalistika müzakirələri FOTOLAR - VİDEO

"Gənc Politoloqlar Mərkəzi"nin Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Gənc Jurnalistlərin ictimai-siyasi mövzular üzrə ixtisaslaşması"adlı layihənin növbəti seminarı bu gün "SƏS" Media Qrupun ofisində baş tutub. SİA-nın məlumatına görə, seminar-treninqin budəfəki moderatoru "SƏS" Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev olub.

Seminarı açıq elan edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev Azərbaycan mətbuatında ictimai-siyasi mövzularda yazan jurnalistlərin, o cümlədən gənc jurnalistlərin ixtisaslaşmasının vacibliyini diqqətə çatdıraraq bildirib ki, gələcəyin qurucuları olan gənclər və həmin gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, cəmiyyətdə baş verən ictimai-siyasi proseslərin mahiyyətinin xalqa çatdırılması işində gənc jurnalistlərin peşə hazırlığı və ixtisaslarının artırılması mühüm əhəmiyyət kəsb edir: "Praktika göstərir ki, bəzən vətənpərvər, dövlətimizə və xalqımıza sədaqətli olan, bu istiqamətdə KİV-lərdə fəaliyyət göstərən jurnalistlərin siyasi bilik və bacarığının, peşə hazırlığının kifayət qədər olmaması səbəbindən lazımi səviyyədə fəaliyyət göstərə bilmirlər. Ona görə də bu mövzuda mütəmadi olaraq gənc jurnalistlərin ixtisasının artırılmasına ciddi ehtiyac duyulur. Düşünürəm ki, keçirilən seminarlar bu istiqamətdə gənclərimizə öz müsbət töhfəsini verəcəkdir".

"Demokratik cəmiyyətdə iqtidar-müxalifət münasibətlərinin işıqlandırılması" mövzunda çıxış edən "SƏS" Media Qrupun rəhbəri Bəhruz Quliyev bildirib ki, milli mətbuatımızın tarixi 140 il öncəyə söykənsə də, Azərbaycanda müstəqil jurnalistika və eyni zamanda siyasi jurnalistikanın formalaşması prosesi müasir dövrə təsadüf edir: "Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra müstəqil jurnalistikada siyasi jurnalistika prosesi başladı. Xarici ölkələrə nəzər salsaq görərik ki, MDB dövlətləri siyasi jurnalistikanı daha çox qəbul edir, nəinki Avropa dövlətləri. Avropada ümumiyyətlə siyasi jurnalistika anlayışı mübahisəli məsələ olaraq qalır. Onların iddiasına görə jurnalistikada tərəf, hər hansı bir mövqe olmamalı, jurnalist gördüyünü olduğu kimi tam şəkildə cəmiyyətə çatdırmalıdır. Amma müasir dünya, müasir tələb bunu demir. Belə ki, əgər çoxpartiyalı sistemin mövcud olduğu dövrdə yaşayırıqsa, sözsüz ki, iqtidar-müxalifət jurnalistikası var olacaqdır. Bu, bizim istəyimizdən asılı deyil. Bu gün Azərbaycanda demokratik informasiya cəmiyyəti bizə imkan verir ki, iqtidar və yaxud da müxalifət jurnalisti kimi cəmiyyətə təqdim olunaq. İstər iqtidar jurnalisti olsun, istərsə də müxalifət jurnalisti dövlətçilik prinsiplərində, dövlətçilik mövqeyində Azərbaycan vətəndaşı nümunəsi sərgilənməlidir. Cənab Prezident İlham Əliyev mətbuat nümayəndələri ilə görüşündə daim mətbuatı ictimai nəzarət mexanizminin formalaşmasında dövlətə yardımçı olmağa çağırıb. Eyni zamanda mövqeyindən asılı olmayaraq dövlətçilik, ümumxalq məsələlərində birgə fəaliyyət göstərməyi ölkə prezidenti bizlərə daim tövsiyyə edir. Mətbuat da ümumxalq məsələlərində doğru münasibəti sərgiləməyə borcludur".

Bəhruz Quliyev onu da qeyd edib ki, Azərbaycanda radikal müxalifət jurnalistikasını çıxmaq şərti ilə lazım gərəkdiyində iqtidar və müxalifət jurnalistikası birlikdə öz sözünü deyə bilir: "Bizim əsas məqsədimiz dövlətin güclənməsi, müstəqillik yolunda birləşməkdir. Bu baxımdan da hesab edirəm ki, siyasi jurnalistikanın elmi metodoloji əsaslarının öyrənilməsi üçün tədqiqatlara ehtiyac var. Jurnalistin ixtisaslaşmasında, eyni zamanda siyasi təfəkkürünün formalaşmasında həm cəmiyyətin, həm də redaksiya mühitinin rolu danılmazdır. Yəni ictimai şüur, ictimai fikir, cəmiyyət bu prosesə öz təsirini göstərir. Düşünürəm ki, cəmiyyəti düşünüdürən bütün məsələlərə jurnalistlər təmkinlə, ağılla yanaşmalıdrılar. Bəzən kəmfürsət insanlar mətbuatda olan boşluqdan istifadə edərək lazımsız addımlar atırlar. Belə bir məqamda sağlam jurnalistika maarifləndirmə işini gücləndirməli, dövlətin həyata keçirdiyi siyasəti xalqa təbliğ etməlidir".

Baş redaktor onu da vurğulayıb ki, sözügedən mövzuda gənc jurnalistlərin ağıllı fikirlərinə ehtiyac duyulur: "Jurnalistlərimiz ölkədə baş verən bütün proseslərdə yaxından iştirak etməli, dövlətçilik mövqeyini daim özlərinə rəhbər tutmalıdırlar".

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu çıxışında bildirib ki, bir yandan Qərb siyasi jurnalistika anlayışını qəbul etmək istəmir, digər bir yandan isə özlərini təkzib edir: "O mənada ki, jurnalistikanı dördüncü hakmiyyət adlandıran məhz Qərbdir. Bu, MDB, postsovet məkanının siyasi media fəlsəfəsi kimi ortaya çıxmayıb, elə Qərbin özündən gəlib. Əgər jurnalistikanı hakimiyyət kimi səciyyələndirə biliriksə, bu zaman hakimiyyət özü başdan ayağa siyasi institutlaşmadır. Jurnalistika siyasiləşməmiş ola bilər, bir halda ki, yalnız bir funksiya həyata keçirmiş olsun-xəbərləşmə və xəbər ötürmə funksiyasını. Bu gün kim deyə bilər ki, dünyada jurnalistika yalnız xəbər ötürmə funksiyasından çıxış edir. Bu olduqca absurddur. Jurnalistika siyasilərin tribunası olmaqla bərabər, həm də özünün siyasi dəsti xəttini göstərmiş olur. Deyə bilərəm ki, heç bir mətbu orqan bir siyasətçinin, şərhçinin fikirlərini olduğu kimi cəmiyyətə çatdırmır. Mütləq orada özünün şərhini əlavə edir. Bir halda biz siyasətçinin natural çıxışı ilə tanış ola bilirik, o da hansısa rəsmi agentlikdə siyasətçinin fikirlərini öz dilindən eşidirik. Bundan kənarda isə jurnalistin özünün əlavəsi olur ki, bunun özü də bir siyasətdir. Müasir jurnalistikanın bütün imkanlarını, potensialını nəzərə alıb cənab prezident haqlı olaraq jurnalistikanı dördüncü deyil, ikinci hakimiyyət adlandırıb: "İndiki mərhələdə bu fikirlər jurnalistikanın mahiyyətini açan ən gözəl fikirlərdir".

Hikmət Babaoğlu qeyd edib ki, milli mediamız ümumi şüurun formalaşmasında həmişə yaxından iştirak edib: "Son dövrdə ölkəmizdə baş verən prosesləri Azərbaycan mediası düzgün şəkildə real iqtisadi münasibətlərin, o cümlədən də real beynəlxalq iqtisadi münasibətlərin mənzərəsini ictimai təfəkkürə təqdim etməyi bacardı. Milli mediamız burada elə davrandı ki, heç müxalifətin bu prosesə daxil olmağına, yeni ictimai cərəyanın formalaşmasına zəmin yaranmadı. Bütün bunları Azətbaycanda informasiya məkanının idarə olunmasına borcluyuq".

Millət vəkili onu da əlavə edib ki, jurnalistlərin maarifləndirilməsi olduqca vacib məsələdir: "Jurnalistikada siyasi aspektlərin öyrənilməsi vacibdir. Bu işdə uğurların əldə olunacağına inanırıq".

Daha çox çıxış edənlər bu yöndə atılacaq addımları müzakirə edərək, fikirlərini seminar iştirakçıları ilə bölüşüblər.

Seminar mövzu ətrafında diskussiya ilə davam etdirilib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə