Milli statistika sistemi Avropa standartlarına uyğunlaşdırılır TVİNNİNQ LAYİHƏSİ
Bu gün Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Milli Statistika Sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək" adlı Tvininq layihəsi ilə bağlı rəsmi tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə tədbirdə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin rəhbəri Malena Mard, Almaniya Federal Statistika İdarəsinin Prezidenti Dieter Sarether, xarici ölkə səfirləri və digər qonaqlar iştirak edib.
Tədbiri Dövlət Statistika Komitəsinin sədri Tahir Budaq giriş nitqi ilə açıq elan edib. O bildirib ki, ölkəmizin iqtisadi inkişafının təmin edilməsində statistik rəqəmlərin obyektiv və dolğun olması böyük önəm daşıyır: "Tvininq layihəsi mövcud statistik sisteminin Avropa standartlarına uyğunlaşdırılması baxımdan əhəmiyyətlidir. Bu istiqamətdə artıq işlər başlanılıb və uğurlu nəticə əldə ediləcəyinə inanıram".
Çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov Avropa Birliyinin bu məsələlərdə Azərbaycana yaxından dəstək olduğunu söyləyib: "Statistikanın düzgün tərtib edilməsi düzgün qərarlar verilməsinə imkan yaradır. Son 12 ildə əhalinin gəlirləri sürətlə artıb və ÜDM-in 40%-i həcminə çatıb. İnsanların gəlirlərinin haradan formalaşdığı dəqiqləşdirilməlidir. Yoxsulluğun müəyyən edilməsi işi daha da təkmilləşdirilməlidir".
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycanda azad bazar münasibətlərinə uyğun statistika sisteminin yaradıldığını deyib: "İqtisadi inkişafla əhalinin gəlirlərinin tarazlığının təmin edilməsi statistikadan asılıdır. Kölgəli iqtisadiyyatın azaldılması Azərbaycanın imicinə müsbət təsir edəcək".
Almaniya Federal Statistika İdarəsinin Prezidenti Dieter Sarether ölkəsinin bu sahədə təcrübəsini Azərbaycanla bölüşməyə hazır olduğunu qeyd edib.
Layihənin məqsədi statistik keyfiyyətin idarə olunması sisteminin və coğrafi informasiya sistemi vasitəsilə statistik məlumatların yayılmasının təkmilləşdirilməsi, əhalinin gəlirləri və həyat şəraiti, əlillik, turizm sahələrində rəsmi statistik məlumatların Avropa İttifaqı standartlarına uyğunlaşdırılmasından ibarətdir. İki il müddətinə icra ediləcəl layihənin büdcəsi 1,2 milyon avrodur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB