"Azərbaycan həmsədrlərin qarşısında öhdəlik götürməyib" AÇIQLAMA

"Azərbaycan həmsədrlərin qarşısında öhdəlik götürməyib" AÇIQLAMA

"Avropa İttifaqının siyasi strukturlarından olan Avropa Şurası Parlament Assambleyasında (AŞPA) zaman-zaman Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktı ilə bağlı obyektiv münasibət bildirilir. AŞPA-da bu günlərdə Dağlıq Qarabağ problemi ilə bağlı məruzə dinləniləcək. Məruzədə əsasən Dağlıq Qarabağ probleminin iqtisadi və sosial tərəfləri öz əksini tapıb və Sərsəng su anbarı ilə bağlı problem qeyd edilib". Bunu SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı deyib.

Onun sözlərinə görə, ATƏT Minsk qrupunun həmsədrləri məruzə dinlənilmədən əvvəl birlikdə bəyanat verərək Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində çalışan tək qurumun Minsk qrupu olduğunu bildirmələri olduqca məntiqsizdir: "Bəli, Minsk qrupu birbaşa problemin həll edilməsi üçün qurulub. Amma bu o demək deyil ki, digər beynəlxalq təşkilat və qurumlarda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi məsələsi müzakirə edilməyəcək. Minsk qrupu və Ermənistan məsələnin BMT və digər beynəlxalq təşkilatlarda müzakirə edilməsindən hər zaman narahat olub".

Qurum rəsmisi bildirib ki, Minsk qrupu 20 ildən çoxdur problemin həll edilməsi istiqamətində bir addım belə irəliləməyib, işğalçı və işğala məruz qalan tərəfə hüquqi qiymət verməkdə acizdir: "Vasitəçilik təşəbbüsündən daha çox Ermənistanın mövqeyini dəstəkləyən siyasət həyata keçirir. Əlbəttə, Minsk qrupunun səmərəsiz fəaliyyəti göz qarşısındadır. Azərbaycan Minsk qrupundan kənarda Dağlıq Qarabağ probleminin müzakirə edilməyəcəyi haqqında heç bir siyasi öhdəlik götürməyib və problemin həll olmasına köməklik edəcək istənilən bölgə və beynəlxalq təşkilatlarda müzakirə aparmaq haqqını özündə saxlayır. Minsk qrupunun siyasi norma və əxlaq qaydalarını kobud şəkildə pozaraq AŞPA-da məsələnin müzakirəsinə mane olmaq cəhdi qətiyyən anlaşılan və qəbul edilən deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə