Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun SİA-ya müsahibəsi:
- Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı barədə fikirlərinizi bilmək istərdik.
- Çoxları düşünürdü ki, manat devalvasiyaya uğradı və Azərbaycan Prezidenti Davos İqtisadi Forumuna qatılmayacaq. Cənab İlham Əliyevin prezident seçildikdən sonra keçirilən Davos İqtisadi Forumlarının demək olar hamısında iştirak etməsi onu sübut edir ki, Prezident Azərbaycan iqtisadiyyatının gələcəyinə böyük inam bəsləyir. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının tərkib hissəsidir və inkişafdadır. Cənab Prezident Davos Forumunda iştirak etməklə dünyaya bir mesaj verdi ki, gəlin birlikdə iqtisadiyyatımızı daha da inikişaf etdirək. Dövlət başçımız Azərbaycan iqtisadiyyatının inkişaf modelini böhranda olan dünya iqtisadiyyatına nümunə kimi göstərdi. Davos Forumu Azərbaycan idarəçiliyi üçün vacib göstəricidir. Biz göstərdik ki, apardığımız siyasətə inanırıq və bizim güclü inkişaf perspektivlərimiz var. Azərbaycan Prezidenti bir çox məsələlərə original münasibət göstərməklə bir daha sübut etdi ki, o, dünya miqyaslı siyasətçidir və qlobal xarakterli məsələlərə istiqamət verməyə qadirdir. Düşünürəm ki, bu Forumdan sonra bir çox dünya liderlərinin müəyyən məsələlərlə bağlı Azərbaycan Prezidenti ilə məsləhətləşmələri bir qədər də artacaq. Ermənistan rəhbərliyinin apardığı siyasətdə real olan tək bir şey var ki, o da Davos Forumunda onların yerinin olmamasıdır. Çünki, onlar başa düşür ki, ora yalan danışmaq yeri deyil və orada kifayət qədər yüksək səviyyəli şəxsiyyətlər var. Ermənistan sadəcə böyük dövlətlərin hazırladığı müstəqil dövlət görünüşü yaradan layihədir.
- ATƏT-in Minsk qrupu həmsədrlərinin Robert Volterin "Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması" və Militsa Markoviçin "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi" adlı hesabatlarının əleyhinə çıxmaları, hələ bu azmış kimi AŞPA-nı belə məsələlərə qarışmamağa səsləmələri onların vasitəçi deyil də tərəf olduqlarının növbəti təsdiqi deyilmi?
- ATƏT-in Minsk qrupu açıq-aşkar Ermənistanın tərəfində olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan AŞPA-da həqiqətəuyğun qətnamələrin qəbul olunmasında nə qədər maraqlıdırsa, Ermənistan da bir o qədər belə qətnamələrin qəbul olunmamasında maraqlıdır. Çünki Ermənistan həqiqətin hətta 5 nəfərin arasında yayılmasından qorxur. AŞPA Avropada ictimai rəyin formalaşmasına təsir edən böyük bir qurumdur. ATƏT-in Minsk qrupunun həmsədrləri məcburən iç üzlərini açdılar. Onlar ciddi strateji səhv etdilər. Oyunçaq qrup olduqlarını göstərmiş oldular. Minsk qrupunun bu bəyənatı Rusiya və İranı qıcıqlandıra bilər. Yəni onlar başa düşə bilərlər ki, ATƏT-in Minsk qrupu elə də savadlı, intellektli, analitik düşüncəyə sahib qrup deyil. Həmsədrlərin sərgilədiyi bu mövqe savadsızlığın göstəricisidir. Azərbaycan və Ermənistan hər ikisi AŞPA-nın üzvüdür və bu iki dövlət arasında olan münaqişəni onların üzv olduqları təşkilat daxilində müzakirə edilə bilər. Rusiya artıq anlayır ki, Qərb Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi adı altında geosiyasət aparır. İran isə başa düşür ki, Minsk qrupuna daxil olan şəxslər elə də ağıllı deyillər. Düşünürəm ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin bu hesabatlara qarşı çıxması ağılsız addımdır və Rusiya ilə İranın münaqişə ilə bağlı sərgilədiyi mövqelərinə təsir göstərəcək.
- Dünən Heydər məscidində növbəti dəfə vəhdət namazı qılındı. Bu bir daha sübut etdi ki, Azərbaycanda təriqətlər və məzhəblərarası heç bir problem yoxdur. Ölkəmiz bu cəhətdən dünyaya nümunə olduğunu göstərmiş oldu. Bu barədə fikirləriniz...
- Tolerantlıq, dinlərin birgəyaşayışı Azərbaycan cəmiyyətinə əsrlər boyu xas olan xüsusiyyətdir. Hazırki vəziyyətdə bizim xalqımıza xas olan bu xüsusiyyət Avropa üçün böyük dəyərə çevrilib. İslam dininin təriqətlərinə mənsub insanların bir yerdə vəhdət namazı qılması müsəlman dünyasının birliyini sübut etməklə yanaşı, Avropaya İslamın əslində onların düşündüyü kimi olmadığını göstərdi. Bu, Şərqin müsəlman dünyasına bir mesaj oldu ki, siz təriqətlər daxilində düşmənçilik yaratmaqla müharibələrə, dağıntılara, qırğınlara, radikallığa yol açmağınıza baxmayaraq Azərbaycan müsəlman dövləti olaraq şiə və sünnilərin birlikdə mehribançılıq şəraitində namaz qıldığı bir məkandır. Azərbaycan öz nümunəsini bütün dünyaya göstərərək bildirdi ki, İslam dini birlik dinidir. Radikal meyllərdən uzaq olub birlik nümayiş etdirərək, inkişafa, tərəqqiyə nail olmaq olar. Çox istərdim ki, gələcəkdə Azərbaycanda təkallahlı dinlərin vahid ibadət etdiyi mərasimlər təşkil olunsun. Dövlət başçımızın apardığı siyasət göstərir ki, bunun üçün mövcud resurslar var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB