Zahid Oruc: "Azərbaycan ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub" AÇIQLAMA

Zahid Oruc: "Azərbaycan ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub" AÇIQLAMA

"Xaricdən texnika asılılığının azaldılması, hərbi sənaye strukturuna malik olmaq, insani resursların təşkili və idarə olunması, müasir sistemlərə çıxış imkanları, dil vərdişlərinə yiyələnmək bacarığı, komanda təlim peşəkarlıq əmsalları və s. ordunun dəyərləndirilməsi üçün mühüm parametrlədir. Azərbaycanın bölgədə istənilən ölkə ilə müharibədə qalib gələcəyini Ermənistan da daxil olmaqla hər kəs yaxşı bilir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib.

Millət vəkili bildirib ki, Azərbaycan ordusu son illər ərzində yeni inkişaf mərhələsinə qədəm qoyub: "Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş təlim proqramları, Zakir Həsənovun müdafiə naziri təyin olunması Azərbaycan ordusunun daha da inkişaf etməsinə şərait yaradıb. Texnika üzərində çalışmalar, ön cəbhədə yerləşdirilən texnoloji infrastruktur və onun idarə edilməsi, kadr potensialı və yerləşdirilməsi, rotasiyalar, hərbi sistemdə çalışanların sosial təminatı məsələləri ön mövqeyə çıxarılmaqla silahlı qüvvələrimiz modernləşib və daha da güclənib. Bunu erməni tərəfi də çox yaxşı hiss edir. Ötən il ərzində düşmənin verdiyi itkilər də sübut edir ki, Azərbaycan hərbi gücünə, dayanıqlığına görə Ermənistandan qat-qat üstündür. Amerika və Avropada müxtəlif nəşrlər regionda silahlı qüvvələrin imkanlarını təhlil edərkən qeyd etdiyimiz nəticələri göstərirlər".

Deputat bildirib ki, dünyada baş verən iqtisadi böhran dövründə dövlət başçısı ölkə əhalisinin müxtəlif qruplarının maaşlarının artırılması ilə bağlı qərar verib və bu artım hərbçilərə də şamil olunub: "Cənab Prezidentin hərbçilərin maaşının artırılması ilə bağlı qərarı bu sahəni daha da inkişaf etdirəcək, insanlar tərəfindən hərbiyə daha çox həvəs yaranacaq. Silahlı qüvvələrimizin inkişafı hərb işini insanlara daha da sevdirir, bu sahə prestijə çevrilir".

Bütün xəbərlər Facebook səhifəmizdə