MTRŞ sədri “Hesabat” verilişinin bağlanmasından danışdı

MTRŞ sədri “Hesabat” verilişinin bağlanmasından danışdı

Bu gün Milli Televiziya və Radio Şurasında ANS tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı mətbuat konfransı keçirilir. SİA-nın məlumatına görə, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib ki, "ANS" televiziyasının efirində yayımlanan "Hesabat" analitik-informasiya proqramının 27 dekabr 2015-ci il və 17 yanvar 2016-cı il tarixli buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqrama verilən tələblərin pozulması - proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmadığını, işgüzar nüfuzun ləkələnməsinə yol verildiyini, faktlar və hadisələrin ədalətli şərh olunmadığını, birtərəfliliyə yol verildiyini nəzərə alınaraq, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə uyğun olaraq "ANS" televiziyasının efirində "Hesabat" analitik-informasiya proqramının yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılıb.

O bildirib ki, "Hesabat" analitik-informasiya proqramının 17.01.2016-cı il tarixli buraxılışında aparıcı Mirşahin Ağayev (həm də təsisçilərdən biridir) Milli Televiziya və Radio Şurasının ünvanına növbəti dəfə əsassız ittihamlar səsləndirib: "Məmur özbaşınalığını dayandırmaq lazımdır. Dövlət başçısının məmurların xalqın ağasından xalqın xidmətçisinə keçirmək istiqamətində apardığı siyasəti sadə camaat tam müdafiə edir. Uzağa niyə gedirik? Əgər dövlət büdcəsinə 1 qəpik belə gəlir gətirməyən "mıtırışı" (MTRŞ) dövlətə hər il kifayət qədər vergi ödəyən ANS-in başına belə oyun açırsa, özü də heç olmasa, bizim bu barədə danışmaq imkanımız var, görün başqa sahələrdə vəziyyət nə qədər çətindir".

Qurum rəsmisi əlavə edib ki, ANS tərəfindən məqsədli şəkildə yalan və böhtan xarakterli məlumatların yayımlandığı, qanunların aliliyinə hörmətlə yanaşılmadığı təqdirdə "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinə uyğun olaraq tədbirlər görüləcək və bunun nəticələri ilə bağlı bütün məsuliyyət telekanalın üzərində olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə