Xələf Xələfov: "Sammitə hazırlığa start veriləcək" AÇIQLAMA

Xələf Xələfov: "Sammitə hazırlığa start veriləcək" AÇIQLAMA

"Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupunun Aşqabadda keçiriləcək görüşündə, həmçinin də Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Astana sammiti öncəsi görüşündə ənənəvi olaraq dənizin hüquqi statusuna dair məsələlərin müzakirəsi davam etdiriləcək". SİA-nın məlumatına görə, bu fikirləri Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini bildirib ki, görüşlərdə növbəti Xəzər sammitinin gündəliyində olan məsələlərin müzakirəsi istisna deyil: "Bəzi razılaşdırılmamış məsələlər də var ki, bu məsələlərin üzərində iş aparılacaq. Bu ilin 1-ci və ya 2-ci rübündə xarici işlər nazirlərinin görüşü gözlənilir. Əgər görüşlər və razılaşmalar imkan versə o zaman sammitə hazırlığa start veriləcək. Ümumilikdə isə görüşlərin əsas məqsədi sammitin keçirilməsi və vacib qərarların verilməsidir. Həştərxanda keçirilən ötən Xəzər sammitində fikirlər səsləndirilmişdi ki, Astana sammitində Xəzərin hüquq statusu razılaşdırıla bilər. Bütün nümayəndə heyətlərinin bu istiqamətdə istəyi var. Sammitin keçirilməsi işçi qrupunun işindən və nazirlər konfransında prinsipial məsələlər üzrə yekun qərarların qəbulundan asılıdır".

X.Xələfov bəzi məsələlərin açıq qaldığını qeyd edib: "Bölgü məsələləri var. Həştərxan sammitində dövlət başçıları qərara gəldilər ki, 15 mil enində suverenlik, 10 mil enində balıqçılıq zonası müəyyən olunur. Qalan su səthi ümumi istifadədə olan su səthi sayılacaq. Bununla yanaşı, digər fəaliyyət növləri - elmi tədqiqat işlərinin aparılması, gəmiçilik, hərbi gəmiçilik, hərbi fəaliyyət, hərbi siyasi təhlükəsizlik, ticarət məsələləri var. Bunların bəziləri prinsip baxımından razılaşdırılıb, bəziləri diskussiya çərçivəsindədir. İşlər intensiv davam etdirilməlidir. İşçi qrupunun iclasları da davamlı keçirilir. Düşünürəm ki, əldə olunmuş irəliləyiş imkan verəcək ki, ümumi razılaşmalara nail olunsun".

Bütün xəbərlər Facebook səhifəmizdə