Sədaqət Vəliyeva: “2008-ci ildə başlanan böhranın təsirlərini xalqımız 7 il sonra hiss etdi” MÜNASİBƏT

Sədaqət Vəliyeva: “2008-ci ildə başlanan böhranın təsirlərini xalqımız 7 il sonra hiss etdi” MÜNASİBƏT

"Bu gün cəmiyyətimizdə daha çox müzakirə olunan mövzu əlbəttə ki, devalvasiya, neftin qiymətinin düşməsi, bəzi istehlak məhsullarının qiymətinin bahalaşması və bütün bunlardan irəli gələn sosial məsələlərdir. Çox təəssüflər olsun ki, bu gün insanlarımız səbrsizlik nümayiş etdirərək onsuz da, Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasında maraqlı olan qüvvələrin planlarına alət olurlar, dinləmədən-danışmadan arzuolunmaz hərəkətlərə yol verirlər". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Deputat bildirib ki, belə bir dövrdə daha böyük məsuliyyət dövlət orqanlarının və məmurların üzərinə düşür: "Məhz, dövlət məmurları, biz deputatlar, səlahiyyətli şəxslər tez-tez yerlərdə insanlarla görüşməli, onları dinləməli və bacardığımız qədər kömək etməliyik. İmkan verə bilmərik ki, insanlarımız anti-milli qüvələrin siyasi oyunlarının qurbanına çevrilsinlər. Tariximizdən də görünür ki, Azərbaycan xalqı necə böyük fəlakətlərdən xilas olmuş bir xalqdır. Uzaq keçmişə getmədən elə 1990-cı ilin 20 yanvarı, 1992-1993-cü illərin müharibəsi, Xocalı soyqırımı, 1994-1995-ci illərdə dövlət çevrilişləri bunun üçün misal göstərə bilərik. Məgər həmin illərdə Azərbaycan xalqı ümumi birlik nümayiş etdirməklə dövlətçiliyimizi qorumadıqmı, ümummilli liderimiz Heydər Əliyevə dəstək olub inkişaf etmədikmi? Son 13 il ərzində Azərbaycan xalqı dünyadakı mənfi tendensiyalardan kənar durdu, sosial-iqtisadi böhranın nə olduğunu bilmədi, hətta, 2008-ci ildə başlanan böhranın təsirlərini xalqımız 7 il sonra hiss etdi. Məgər bütün bunlar Prezident İlham Əliyevin xalqın və dövlətçiliyimizin milli maraqları naminə həyata keçirdiyi praqmatik siyasətin nəticələri deyilmi? Bəs bu gün bizə nə olub? Niyə bir balaca çətinliyə düşən kimi dövlətə qarşı çıxırıq? Bu həmin dövlət, bu həmin hakimiyyətdir ki, son 22 il ərzində xalqımızı sabit, firavan və rifah içində yaşadır. Niyə indi unutqanlıq edib kimlərinsə siyasi oyunlarına alət oluruq? Buyurun, ayın 10-da Nazirlər Kabinetinin iclasında çıxış edən Prezident İlham Əliyevin müvafiq göstərişindən sonra unun, çörəyin, yumurtanın qiyməti düşdü, pensiyaların baza hissəsi, şəhid ailələrinin, məcburi köçkünlərin, 20 yanvar ailələrinin təqaüdləri artırıldı. Bundan sonrakı məqamda əmək haqları artırılacaq, insanların iş problemləri həll ediləcək. Sadəcə olaraq, bir qədər səbr etmək lazımdır. Bu işdə daha çox mətbuatın üzərinə iş düşür. Əsası olmayan, populizmə hesablanmış informasiyaları yayıb insanlarda təlaş, ajiotaj yaratmaq lazım deyil. Axı mətbuatın da azad, demokratik fəaliyyətinə şəraiti bu dövlət yaradıb. Bugünkü vəziyyətdə sağlam maarifləndirmə işi aparmaq mətbuatımızın əsas vəzifəsidir. Bir sözlə, hər bir azərbaycanlı yüksək səbr və dözüm nümayiş etdirməli, bu prosesi də az itkisiz keçməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə