Dövlət sərhədini pozan 48 nəfər saxla­nılıb

Dövlət sərhədini pozan 48 nəfər saxla­nılıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2015-ci ilin dekabr ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, qeyri-leqal miqrasiyaya, qaçaqmalçılığa, narkotik vasi­tə­lərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib. DSX-nın mətbuat mərkəzindən SİA-ya verilən xəbərə görə, ay ərzində dövlət sərhədini pozduqları üçün 31 halda 48 nəfər saxla­nılıb. Onların 21 nəfəri Azərbaycan Respublikası, 13 nəfəri Banqla­deş, 5 nəfəri Özbəkistan, 4 nəfəri İran İslam Respublikası, hər ölkədən bir nəfər olmaqla Rusiya Federasiyası, Qırğızıstan, Pakistan, Tacikistan, Moldova vətəndaşları olub.

Sərhəd rejim qaydalarını pozduqlarına görə Xəzər dənizində 5 halda 5 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlğa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Res­pub­likasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 399 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 13 halda 13 kiloqram 123 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Dekabr ayının 6-da Biləsuvar rayonunun Səmədabad kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilən axtarış tədbirləri nəticəsində dövlət sərhədində gizlədilən 6 kiloqram 190 qram heroin, 3 kiloqram 65 qram marixuana, 1 kiloqram 160 qram tiryək, 30 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Dekabrın 18-də Cəlilabad rayonunun Zəhmətabad kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Cəlilabad rayon sakini Əliyev Cavid Zikrəli oğlu 1 kiloqram tiryək və 1,3 kiloqram heroini Azərbaycan Respublikasına gətirmək istəyərkən yaxalanıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 71 halda ümumi dəyəri təqribən 932 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd beşaçılan tüfəng, 26 ədəd 12 mm-lik patron, 2 ədəd beşbarmaq, 20 020 ABŞ dolları, 14 ədəd mobil telefon, 1 ədəd durbin, 10 444 qutu siqaret, 11 121 ədəd pirotexniki vasitə, müxtəlif dərman preparatları, ərzaq və sənaye malları saxlanılıb.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə