Deputatımız Taylandın yazıçılar birliyinin sədri ilə görüşüb FOTOLAR

Deputatımız Taylandın yazıçılar birliyinin sədri ilə görüşüb FOTOLAR

Millət vəkili Qənirə Paşayeva Taylandın yazıçılar birliyinin sədri Burapa Arampee, P.E.N klub rəhbəri xanım Sumitra Channgao, tanınmış şair və yazarları ilə görüşüb. SİA-nın məlumatına görə, onlara Azərbaycanla, ədəbiyyatımızla bağlı geniş məlumatlar verən millət vəkili bildirib ki, toplumlarımızın qarşılıqlı olaraq bir-birilərini daha da yaxşı tanıması, böyük şair və yazarlarımızı qarşılıqlı olaraq oxuması vacibdir.

"Mən burada araşdıranda gördüm ki, Azərbaycanla bağlı Tayland dilində heç bir kitab yoxdur. Azərbaycanlı yazar və şairlərin əsərlərinidən heç bir tərcümənin olmadığını dedilər. Təəssüf ki, Azərbaycanda da Tayland ədəbiyyatı, böyük şair və yazarlarınızla bağlı bilgilər çox zəifdir" – deyə, millət vəkili bildirib: "Ona görə də Yazarlar Birliklərimiz arasında, şair və yazarlarımız arasında əlaqə və əməkdaşlığın inkişafı çox önəmlidir".

Azərbaycan Yazıçılar birliyi barədə də məlumat verən qurumun üzvü Qənirə Paşayeva Qarabağ həqiqətləri ilə də bağlı geniş məlumatlar verdikdən sonra 65 milyon əhalisi olan Taylandda bu barədə heç bir kitabın olmamasından təəssüfləndiyini deyib.

O, "Dəstəyinizlə Azərbaycanla, Qarabağ həqiqətləri ilə bağlı ilk öncə 2 kitabı tay dilində hazırlayıb çap etdirmək və universitet, kitabxanalarla yanaşı siyasi və ictimai xadimlərə, QHT və KİV-ləri də həmin kitabla təqdim etmək çox gözəl olar" - deyib.

Taylandın Yazıçılar Birliyinin sədri, P.E.N klub rəhbərliyi, tanınmış şair və yazarları millət vəkili Q.Paşayevanın dəvətini böyük məmuniyyətlə qəbul edərək Azərbaycanı yaxından tanımaq, əməkdaşlıq qurmaqla yanaşı öz yaradıcılıqlarında və fəaliyyətlətində də Azərbaycana yer ayırmaq istədiklərini bildiriblər.

Görüşün sonunda Qənirə Paşayeva Taylandın Yazıçılar Birliyinin sədri, P.E.N klub rəhbərliyi, tanınmış şair və yazarlarına rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən ingilis dilində sənədli filmlərin olduğu "Azərbaycan həqiqətləri" filmləri kataloqunu, müxtəlif materialları hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə