“Əhalini çaşdıran hesablanmış informasiyalar yığışdırılmalıdır” XƏBƏRDARLIQ - SƏS TV

“Əhalini çaşdıran hesablanmış informasiyalar yığışdırılmalıdır” XƏBƏRDARLIQ - SƏS TV

"Cənab Prezidentin belə vaxtlarda mediaya səslənməsi bir tərəfdən mediaya verdiyi önəmin göstəricisi, digər tərəfdən isə onlara "öz vəzifənizi layiqincə yerinə yetirin" tələbi kimi qiymətləndirilə bilər". Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli deyib.

Müşviq Ələsgərli bildirib ki, media gündəmində neqativ hal baş verəndə, yaxud da qanunvericiliyin, etik prinsipin əksinə məsələ baş verəndə bunu ümumi şəklində medianın adına yazırlar: "Azərbaycan mediası bu məsələləri kifayət qədər işıqlandırır. Son vaxtlar hər hansı bir rayonda insanlar toplaşır və narazı olduqları məsələlər barədə hakimiyyətə öz fikirlərini bildirirlər. Bu normal haldır. Lakin bəzi media qurumlarının bunu kütləvi mitinq, üsyan, iğtişaş kimi qiymətləndirməsi yolverilməzdir. Digər bir təəsüfləndirici məqam isə ölkədə kriminogen durumun kəskinləşməsi barədə mediada yayılan məlumatlardır. Heç bir ölkə kriminal hadisələrdən siğortalanmayıb və buna qarşı da hüquq-mühafizə orqanları yaradılıb. Bunlardan əhalidə xof yaratmaq üçün istifadə edilməsində maraqlı olan qüvvələr var. Məqsədləri isə xalqı hakimiyyətə qarşı etirazlara qaldırmaqdır".

Bəzi qüvvələrin yalançı KİV-lər yaradaraq həqiqətə uyğun olmayan məlumatlar paylaşmaqla əhalidə süni ajiotaj yaratmağa çalışdığını deyən Müşviq Ələsgərli bunun internet medianın mənfi tərəflərindən biri olduğunu vurğulayıb: "Bəzi qeyri-peşəkar jurnalistlər saytlarda, portallarda hadisənin, xəbərin mahiyyətinə varmadan, onu araşdırmadan tirajlayırlar. Bu, yolverilməzdir. Bəzi hallarda hətta peşəkarlar da bu hala yol verirlər. Belə həssas məqamlarda daha diqqətli olmaq lazımdır. Peşəkar medianın əsas missiyası baş vermiş hadisəni obyektiv şəkildə araşdıraraq əhaliyə çatdırmaqdır. Bu peşəkar medianın vəzifə məsuliyyəti olmaqla yanaşı həm də vətəndaş təəssübkeşliyidir".

Onun sözlərinə görə, qərəzli şəkildə əhalinin çaşdırılmasına hesablanmış informasiyalar yığışdırılmalıdır: "Hazırda yaranmış vəziyyətə xalq hazır deyildi. Belə olan halda yaranmış çətinliyin yükünü təkcə vətəndaşın üzərinə salmaq olmaz. Amma bəzi istehsalçılar, sahibkarlar öz madii mənfəətlərinə görə qiymətləri süni şəkildə bahalaşdırırlar. Bəzi işbazların yaranmış vəziyyətdən sui-istifadə etməsi qətiyyən yolverilməzdir və hətta vətənə xəyanətdir. Media belə şəxslərin üzərinə getməli, onları ifşa etməlidir. "Reket" jurnalistika internet mediaya transfer olunduğundan onunla mübarizə üçün qanunvericilik təkmilləşdirilməlidir eyni zamanda bu mübarizədə ifadə azadlığı pozulmamalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə