“Bu il Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş ili olacaq” AÇIQLAMA

“Ermənistan yaşamaq üçün Azərbaycanla müttəfiq olmağa çalışacaq”
“Bu il Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş ili olacaq” AÇIQLAMA

"2015-ci il üçün Azərbaycan cəmiyyət üçün sınaq mərhələsi olmasına baxmayaraq əminəm ki, bu il dövlətimiz və cəmiyyətimiz birgə səylə dünyada baş verən neqativ halların ölkəmizə təsirini minimuma endirəcək". SİA-nın verdiyi xəbərə görə bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu dekabr ayının və ümumilikdə ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən ildə ən böyük problemlərimiz ideoloji konseptual sahədə yaşanıb: "Biz imperiya quran xalq olmuşuq və öz gücümüzü dərk etməliyik. Müəyyən vaxtlarda xalqımız böyük imperiyaların tərkibində də olub. Bu genetika hələ də bəzi ziyalılarımızın, məmurlarımızın düşüncəsində qalıb. Bir hissəsi Rusiyaya, bir hissəsi İrana meyllidir. Hətta ermənilərin layihələrini maliyyələşdirən məmurlarımız da var. Belə olan halda azərbaycançılıq ideologiyasına, Heydər Əliyev kursuna ciddi zərbə dəyir. Əgər biz öz ideoloji tamlığımızı qorusaq dünyada layiqli yerdə dayanaraq manatın vurduğu ziyanı da minimuma endirə bilərik".

Politoloq bildirib ki, Azərbaycan dini tolerantlığın hökm sürdüyü müsəlman ölkəsidir: "Bəzi dindarlar var ki, xarici ölkələrin təsiri ilə ölkədə dini zəmində qarşıdurma yaratmaqla, oportunizmlə məşğuldur. Azərbaycan hökuməti 6 il Nardarandakı şiə camaatı işıq, qaz, su ödənişlərindən azad etdi. Müraciət edirəm İran hökumətinə ki, onlar 6 ay müddətinə hansısa şəhərlərini bu ödənişlərdən azad edə bilərmi?!"

Hazırda ABŞ-Rusiya arasında mehriban düşmənçilik dövrünün yaşandığını deyən Mübariz Əhmədoğlu bu vəziyyəti sanki Ribentrop-Molotov Paktına bənzədərək qeyd edib ki, Rusiyaya nələrisə güzəştə gedərək onu yerində sakit dayandırmaqla öz məqsələrinə çatmağa çalışan ABŞ bu dəfə də eyni taktiki yolu tutub.

Türkiyə-Rusiya münasibətlərinin normallaşması Azərbaycanın xeyrinə olduğunu deyən politoloq ölkəmizin bu normallaşma prosesində barış məkanı ola biləcəyini vurğulayıb: "Bu gərginlik uzun müddət davam edəcəyi təqdirdə Azərbaycan siyasətinə yenidən baxmalıdır".

Mübariz Əhmədoğlunun sözlərinə görə, 2015-ci ildə Azərbaycan ABŞ-ın təzyiqlərini dəf etməklə məşğul olub: "Bu təzyiqlərin edilməsinin arxasında isə ABŞ-ın ermənipərəst qüvvələrinin böyük rolu var. Azərbaycan və Qazaxıstanı müxtəlif sahələrdə müqayisə etsək elə bir fərq görmərik. Amma bu vaxta qədər şahidi olmamışıq ki, ABŞ tərəfindən Qazaxıstana qarşı hər hansı məsələ müzakirə olunsun. Niyə? Çünki Qazaxıstan ermənilər üçün maraqlı deyil. Yəni bütün bunların arxasında erməni lobbisi dayanır. Həmin ermənipərəstlərin hərtərəfli dəstəyi ilə Azərbaycan daxilində bəzi qüvvələr araqarışdırıcılıqla məşğuldurlar. Dövlətimiz tərəfindən həmin qüvvələr öz layiqli cəzalarını alıblar. Çünki həmin şəxslər dövlətçiliyimizin qəsdində dayananlardır".

Rusiya-Azərbaycan münasibətləri normal olduğunu söyləyən mərkəz rəhbəri Rusiyanın erməniləri inkar etdiyini və ondan ehtiyatlandığını deyib: "Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin olması Azərbaycandan da daha çox Rusiyanın maraqlarına cavab verir. Çünki Rusiyanın Cənubi Qafqazda etibarlı kommunikasiya xətləri yoxdur. Rusiya bu münaqişədə daha aparıcı mövqe sərgiləməkdə davam edəcək".

"Bu il Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişlərin olacağını və dönüş baş verəcəyini gözləyirəm. İlin əvvəli olmasına baxmayaraq 3 dövlət bu münaqişənin tənzimlənməsində aktiv rol alacağını bildirib. Bunlar Almaniya, Belarus və Rusiyadır. Yaranmış iqtisadi böhranın Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsində sərgilədiyi mövqeyə heç bir təsiri olmayacaq. Xüsusilə, Rusiya 7 rayonun tez zamanda Azərbaycana qaytarılmasının tərəfindədir. Ermənistan ya Dağlıq Qarabağı Azərbaycana qaytaracaq, ya da ki bu dövlətlərlə qarşı-qarşıya qalmaqla dövlətçiliyini itirəcək. Düşünürəm ki, gələcəkdə Ermənistan yaşaması üçün Azərbaycanla müttəfiq olmağa çalışacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə