“Dövlət Proqramının bəhrələrini bundan sonrakı onilliklərdə də hiss edəcəyik” MÜNASİBƏT

“Bu gün hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyi Heydər Əliyev ideyalarına sadiqdir”
“Dövlət Proqramının bəhrələrini bundan sonrakı onilliklərdə də hiss edəcəyik” MÜNASİBƏT

""Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı ölkədə gənclərimizin həyatında yeni eranın başlaması kimi də dəyərləndirilə bilər". Bu fikirləri SİA-ya münasibətində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) icraçı direktoru Şəmsi Gülverdi deyib.

Onun sözlərinə görə, Proqramın əsas üstünlüklərindən biri də odur ki, onun tərtib olunmasında və icrasında məhz gənclər də iştirak edib: "Xüsusən hazırlıq prosesində gənclər daha çox fəallıq göstəriblər. Sadəcə olaraq, dövlət proqramının qəbuluna qədər cəmiyyətin hazır olmalı olduğu məqamlar var. Bəzi məsələlər var ki, onların həlli yalnız maliyyə vəsaiti deyil, eyni zamanda uyğun şərait tələb edir. Gənclərlə iş sahəsində digər sahələrə nisbətən daha çox həssas var. Gənclər üçün hər hansı sahədə atılan addım gələcək üçün həmin sahədə ediləcək sıçrayış deməkdir. Gənclər ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edir və sabitliyin, dinamik inkişafın qorunub saxlanılmasında mühüm rol oynayırlar. Eyni zamanda sözügedən gənclər ölkənin sosial həyatı ilə yanaşı, ictimai-siyasi həyatında da tam müstəqil fəaliyyət göstərirlər. Buna misal olaraq 1 noyabr 2015-ci il tarixdə baş tutmuş parlament seçkilərini qeyd etmək olar. Sevindirici haldır ki, əksər gənclərimiz öz vətəndaş hüquq və vəzifələrini bilir, bu hüquqlarla hərəkət etməyi bacarırlar. Bildiyimiz kimi, artıq V çağırış parlament seçkiləri keçirildi və çoxsaylı gənclərimiz seçki prosesində iştirak etdilər. Seçki prosesi çoxşaxəli prosesdir və bu prosesdə müxtəlif formada iştirak mövcuddur. Gənclərimiz seçki prosesinin bütün sahələrində iştirak edən əsas hərəkətverici qüvvədir. Seçkilərdə istər namizəd kimi, istər təbliğat və təşviqat kampaniyalarında, istərsə də fəal seçici kimi gənclər bu prosesdə fəaliyyət göstərirlər. Məlum prosesdə göstərilən bütün işlərin özünəməxsus məsuliyyəti vardır və gəncliyimiz bu məsuliyyəti anlayıb, dərk edərək həmin işlərdə iştirak edirlər".

Şəmsi Gülverdi bildirib ki, respublikamızda gənclərlə iş artıq bir Azərbaycan modeli kimi formalaşıb və bu təcrübə bir çox ölkələrdə örnək olaraq göstərilir: "Hər-hansı bir işin nə qədər uğurlu olması onun təməlinin necə qoyulmasından və ona nə dərəcədə prioritet sahə kimi yanaşılmasından asılıdır. Azərbaycanda gənclərlə işin təməli hələ 90-cı illərin əvvəllərində Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyev gənclərə böyük qiymət verirdi. Gənclərə etibar edən Ulu Öndər onlarla ünsiyyətin tərəfdarı idi və mütəmadi görüşlər keçirməklə, onların düşüncəsini, fikirlərini və təkliflərini öyrənir, müvafiq addımlar atırdı. Yuxarıda bildirdiyim gəncləri istiqamətləndirmək və tərbiyələndirmək fikrimə qayıdaraq Dahi Liderimizin gənclərimizə ünvanladığı nitqindən bir parçanı xatırlatmaq istərdim: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir". Bu nəsihət gənclərimizə, gələcəyimizə göstərilmiş həyat və fəaliyyət istiqamətidir. Hesab edirəm ki, bir cəmiyyətin bütün sahələrində, eləcə də ictimai-siyasi işlərində gənclərin fəallıqla iştirak etməsi həmin dövlətdə olan demokratik abu-havanın, sağlam rəqabətin formalaşmış olmasından xəbər verir. Hamımıza məlumdur ki, xüsusilə XXI əsr Azərbaycan gəncliyi, ötən dövrlərə nisbətən daha məsuliyyətli və gələcəyə yeni hədəflərlə baxan gənclərdən formalaşmalıdır".

"2003-cü ildən sonra isə Azərbaycanda gənclər siyasəti daha da şaxələnərək, yeni verilmiş qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəldi. "Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram" - deyən cənab Prezident İlham Əliyev qərarları ilə Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini təsdiq etdi. Buna misal olaraq qəbul olunmuş dövlət proqramlarını göstərmək istərdim. İlk olaraq "Azərbaycan Gəncliyi 2005-2009-cu illərdə", daha sonra "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı qəbul olundu. Sözügedən proqramlarda Azərbaycan gənclərinin intellektual, yaradıcı, fiziki, hərbi-vətənpərvərlik tərbiyəsi məsələlərinə böyük əhəmiyyət verilib. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Təhsilə maksimum diqqət yetirməklə yanaşı, proqramda böyüməkdə olan nəslin mənəvi-əxlaqı dəyərlərinin tərbiyə edilməsi məsələsinə də yer ayrılıb." Dünyəvi proseslərin qloballaşması fonunda, kiçilən dünyada, milli xüsusiyyətlərin assimilyasiyaya uğraması təhlükəsi olan bir vaxtda bu məsələ çox mühüm aspektdir. Son illər gənclərin ölkə və dünya miqyasında təşkilatlanmasına yaradılan şərait nəticəsində onlarla qeyri-hökümət gənclər təşkilatlarının formalaşdırılması Azərbaycan gənclərinin geniş ideya platformasının dünya arenasında açıqlanmasına stimul verməkdədir. Gənclərimizin bütün sadalanan sahələrdə inkişafının başlıca səbəbi ölkəmizdə olan davamlı inkişaf, sosial rifahın yaxşılaşması, gənclərin çoxşaxəli inkişafı, sağlam həyatı üçün yaradılmış şəraitdir. Bu gün hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyi Heydər Əliyev ideyalarına sadiqdir və gənclər bundan sonra da dövlətimizin parlaq gələcəyi naminə, Vətənimizin inkişafı, dövlət proqramlarının daha da uğurlu olması üçün böyük səylə çalışacaq, anti-Azərbaycançı şəbəkələrin dəstəyilə ölkədə sabitliyi pozmağa cəhd göstərən radikalların çağırışlarını qətiyyətlə rədd edəcək və arxalandığımız cənab Prezident İlham Əliyevin göstərdiyi etimadı doğruldacaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə