Metropolitenin sözçüsü Şaxta Baba oldu YENİLƏNİB

Metropolitenin sözçüsü Şaxta Baba oldu YENİLƏNİB

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti metro stansiyalarında növbəti sosial aksiyaya başlayıb. SİA-nın məlumatına görə, bu gündən etibarən metro stansiyalarında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar - Yeni il münasibətilə tədbir keçirilir. Tədbir çərçivəsində Şaxta Baba və Qar qız metro stansiyalarında sərnişinlərlə görüşəcək, onlara bayram əhvalı yaşadacaq. Bundan başqa, Şaxta baba metronun kiçik sərnişinlərinə, yəni uşaqlara müxtəlif hədiyyələr, oyuncaqlar hədiyyə edəcək.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti jurnalistlərə və sərnişinlərə sürpriz edib. Belə ki, tədbirdə Şaxta Baba və Qar qız "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəhbər işçiləridir. Şaxta baba obrazında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev, Qar qız obrazında isə qurumun marketinq şöbəsinin rəisi Lala Babayevadır.

Qurum sözçüsü bildirib ki, tədbir qurum rəhbərliyinin təklifi ilə baş tutub: "Məqsəd insanları təbrik edib, onlarda xoş əhval-ruhiyyə yaratmaqdır. Bununla yanaşı, həmçinin sərnişinlərin problemləri ilə maraqlanmaqdır. Ola bilsin ki, hansısa sərnişin "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyilə hansısa bir məsələ ilə bağlı görüşmək, hansısa təkliflər vermək və ya problemlər barədə məlumat vermək istəyir, amma bunu edə bilmir. Bu məqsədlə də Şaxta baba və Qar qız vasitəsilə sərnişinlər problem və təkliflərini rəhbərliyə çatdıracaqlar".

Qeyd edək ki, Şaxta baba və Qar qız bütün metro stansiyalarını gəzəcək. Tədbir bir neçə gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə