Jurnalistlərə mənzillərin sənədləri təqdim olunub YENİLƏNİB

Jurnalistlərə mənzillərin sənədləri təqdim olunub YENİLƏNİB

Bu gün Bakıda jurnalistlər üçün inşa edilən yaşayış binasında mənzil sahibi olan 100-dən çox sakinə Əmlak Məsələləri Dövlət Komitəsinin "Kütləvi çıxarış" kampaniyası çərçivəsində binanın həyətində kütləvi qaydada dövlət reyestrindən çıxarışlar təqdim edilib.

Tədbir Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərlinin iştirakı ilə keçirilib.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev jurnalistlərə açıqlamasında bildirib ki, ölkə Prezidenti İlham Əliyevin xüsusi tapşırıqları ilə daşınmaz əmlakın qeydiyyatı sahəsində prosedurların sadələşdirilməsi, eyni zamanda qeydiyyat müddətlərinin qısaldılması müvafiq tapşırıqlar verilib: "Reyestr xidmət olaraq xidmətyönümlü dövlət quurmu kimi təbii ki, biz də bu sahədə verilən tapşırıq və tövsiyyələrə uyğun müvafiq tədbirlər həyata keçirmişik. Bu gün Reyestr xidmətində elektron xidmətlərin səviyyəsinin yüksədilməsi, onlayn (online) rabitədən geniş istifadə olunması, müasir innovasiyaların geniş tətbiq olunması, vətəndaş-məmur ünsiyyətinin aradan qaldırılması, vətəndaşlarımızın məmnunluğuna xidmət edilməsi sahəsində bir sıra mühüm addımlar atılıb".

H.Mustafayev deyib ki, bu gün onlayn xidmətlə bağlı Reyestr xidmətində bir sıra tədbirlər həyata keçirilib: "Əgər 5-6 il bundan öncə el arasında "forma-1" deyilən arayışların alınmasında müəyyən vaxt itkiləri olurdusa, vətəndaşlarımız qeydiyyat orqanına müraciət edib 20-30 gün müddətində bu arayışları əldə etməsi mümkün idisə, hazırda bu onlayn şəkildə vətəndaş heç bir yerə müraciət etmədən birbaşa notarial kontorlarında yaradılan bu şəraitdən yararlanmaqla qısa zamanda həllini tapır".

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov diqqətə çatdırıb ki, jurnalistlərə mənzillərin verilməsi ideyası birdən-birə baş verməyib: "Biz vaxtilə Prezident İlham Əliyev müraciət etdik və dövlət başçısına dedik ki, Azərbaycanda əksər jurnalistlərin mənzilləri yoxdur və onlar yataqxalarda, kirayələrdə qalırlar. Müraciət olunandan dərhal sonra ölkə rəhbəri 156 mənzillik binanın tikintisi haqqında sərəncam imzaladı və bina hazır olduqdan sonra öz sahiblərinə təqdim olundu. Artıq növbəti 250-dən çox mənzili olacaq yeni binanın tikintisi başa çatmaq üzrədir. Fürsətdən istifadə edərək jurnalistlərə göstərdiyi diqqət və qayğıya görə cənab Prezidentə ölkə jurnalistləri adından təşəkkürümü çatdırıram. Azərbaycan jurnalistikası təminatsız jurnalistikadır. KİVDF Azərbaycanda olan kütləvi informasiya vasitələrini vaxtaşırı maliyyələşdirir. Təbii ki, bu, dövlətin jurnalistikaya olan qayğısının nəticəsidir. Azərbaycan jurnalistləri sosial baxımdan da təminatlı jurnalistdir".

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli isə qeyd edib ki, notarial qaydada sənədlərin hamısı tamamlanıb və onlara mənzillərinin "Kütləvi çıxarış"ı verilib: "Bu günün cənab Prezident İlham Əliyevin ad gününə də təsadüf etməsi xoş bir haldır. Mən həm öz adımdan, həm də bütün jurnalist kollektivi adından ölkə başçımızı təbrik edirəm. Biz həmişə Prezidentimizin yanında olmalıyıq. Dünyanın heç bir yerində analoqu olmayan bir addım atılıb. Yəni dünyanın heç bir yerində jurnalistlərə dövlət tərəfindən mənzil hədiyyə olunmur. Biz 2013-cü ildə 156 jurnalistə mənzillər təqdim etdik. Bu, Prezidentimizin jurnalistlərə hədiyyəsi idi. Elə həmin gün 2013-cü ilin iyulun 22-də biz yeni binanın təməlqoyma mərasimini keçirdik. Artıq həmin bina tikilib başa çatmaq üzrədir. Gələn ilin sonuna yaxın yeni binanı jurnalistlərin istifadəsinə verəcəyik".

Qeyd edək ki, yaşayış binası dövlət başçısı tərəfindən imzalanmış "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" sərəncama əsasən tikilərək istifadəyə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə