"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının Əlaqələndirmə Şurasının iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, millət vəkilləri Hadı Rəcəbli, Fuad Muradov, gənclər təşkilatlarının rəhbərləri və digərləri iştirak ediblər.
Tədbirdə çıxış edən nazir A. Rəhimov gənclər siyasətinin Azərbaycanın dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu bildirib. O, Azərbaycan gəncliyinin ictimai həyatın bütün sahələrində aktiv fəaliyyət göstərdiyini qeyd edib: "Gənclik iqtisadi, humanitar, sosial tədbirlərin reallaşdırılmasında, beynəlxalq əməkdaşlığın inkişafında mühüm rol oynayır. Ölkə gənclərinin hərtərəfli inkişafının təmin edilməsi bu sahədə dövlət siyasətinin başlıca məqsədidir".
Nazir deyib ki, başa vurmaqda olduğumuz ilin ən əhəmiyyətli hadisəsi Bakıda keçirilən Birinci Avropa Oyunlarıdır: "Bakı-2015" Avropa Oyunları Azərbaycan gəncliyinin böyük potensialını və Vətən sevgisini parlaq surətdə nümayiş etdirdi. Gənc idmançılarımızın parlaq qələbələri Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə layiqli töhfə oldu. Könüllülərin işi də gəncliyimizin inkişafının göstəricisidir".
O qeyd edib ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının hazırlanması məqsədilə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rəhbərliyi altında aidiyyəti dövlət qurumlarının və gənclərin qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət İşçi qrupu yaradılıb: "İşçi qrupu çox səmərəli fəaliyyət göstərib və gənclərin iştirakı ilə ictimai müzakirələr təşkil edilib. Dövlət Proqramının hazırlanması dövründə Prezident İlham Əliyev bir qrup fəal gənclərlə görüş keçirib və görüş zamanı proqram haqqında geniş fikir mübadiləsi aparılıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı təsdiq edilib. Proqram 5 il ərzində uğurla icra olunub, böyük nailiyyətlər əldə edilib".
Sonra Dövlət Proqramı ilə bağlı videoçarx nümayiş olunub.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş ən vacib tədbirlər haqqında hesabatla çıxış edib.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini T. Süleymanov müasir gənclər siyasətinin təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğlayıb. O, 1993-2003-ci illərdə 43 dəfə gənclərlə bağlı tədbirlərdə iştirak edib və sənədlər imzalayıb: "Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə Gənclər və İdman Nazirliyi yaradılıb. Nazirlik çox uğurlu fəaliyyət göstərib və gənclər siyasətinin həyata keçirilməsində böyük rol oynayıb. Daha sonra Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şura yaradılıb. Gənclər siyasəti ilə bağlı layihələr burada müzakirə olunub və zənginləşdirilib".
T. Süleymanov bildirib ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı ölkə başçısının tapşırığı ilə hazırlanıb: "Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramının hazırlanmasına əlaqədar qurumlar və gənclər təşkilatları cəlb olunub. Dövlət Proqramı uğurla icra olunub və gənclər siyasətinin inkişafına böyük töhvələr verib".
Daha sonra isə millət vəkilləri H. Rəcəbli və Fuad Muradov Azərbaycanda gənclər siyasəti sahəsində aparılan uğurlu işlərdən, əldə olunmuş nailiyyətdən danışıblar.
Tədbir çıxışlarla davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB