Nardaran hadisələri Sabunçuda müzakirə olunub

Nardaran hadisələri Sabunçuda müzakirə olunub

Dekabrın 5-də Sabunçu Rayon İcra Hakimiyyəti Aparatı və icra strukturları əməkdaşları, Milli Məclisin deputatları, rayon ağsaqqalları, din xadimlərinin iştirakı ilə "Hər bir Azərbaycan vətəndaşının qanunun tələblərinə əməl etməsi mütləqdir" adlı tədbir keçirilib.

SİA-nın xəbərinə görə, əsas müzakirə obyektinin Nardaranda baş verən hadisələr olduğu tədbirdə Azərbaycanda dini etiqad və vicdan azadlığının Konstitusiya norması olduğu, ölkədə çoxlu sayda dini təşkilatların fəaliyyət göstərdiyi və hər kəsin dini ayinləri sərbəst şəkildə yerinə yetirməsi üçün hər cür şəraitin yaradıldığı qeyd edilib.

Əvvəlcə Nardaran hadisələri zamanı öz xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş iki şəhid polislərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Nardaranda baş vermiş hadisə ilə bağlı günahkar şəxslərin cəzalarını alacaqlarına inandığını qeyd edib. A.Vəliyev bildirib ki, baş verən hadisə ilə əlaqədar aidiyyatı qurumlar artıq müvafiq tədbirlər görüb: "Hər kəs bilməlidir ki, Azərbaycanda yaşayan bütün şəxslər Azərbaycan qanunlarına tabe olmalıdırlar. Qanun hər birimiz üçün eynidir. Bu cür hadisələr Nardaranda birinci dəfə baş vermir. Biz hər dəfə bu cür hallarla qarşılaşsaq da, onlara sərt cəzalar tədbiq etməmişik. Hər dəfəsində humanistlik göstərilsə də, qəsəbə sakinləri bu və ya digər mənada qarşıdurmalar yaratmağa cəhdlər ediblər. Səbəb nədir görəsən? Bu insanları anlamaq çətindir. Dövlət tərəfindən hər zaman Naradaran əhalisinə qarşı xüsusi diqqət və qayğı göstərilib, vətəndaşların problemlərinin həllinə çalışılıb, kommunal xərclərinin ödənilməsində müəyyən güzəştlər edilib. Bütün bunların müqabilində silahlı qarşıdurma yaratmaq, din pərdəsi altında gizlənərək öz çirkin əməllərinə insanları alət etmək heç bir halda bağışlanan hal deyildir. Bu hadisələr cəmiyyət tərəfindən qəbul edilmir, edilə də bilməz. Dünyada baş verən proseslər fonunda ölkəmizdə bu cür təxribtalar törətmək, sözsüz ki, birbaşa dövlətə, dövlətçiliyə ziddir. Ona görə də hesab edirəm ki, bundan sonra orada qanunların tələbləri daha da sərtləşdirilməlidir. Yaxın zamanda Daxili İşlər Nazirliyinin müvafiq əmri ilə Nardaranda polis bölməsi fəaliyyətə başlayacaq. Bundan başqa digər qurumlar da ərazidə fəaliyyətə başlayacaq. Azərsu, Azəriqaz və sair. Son iki il ərzində orada 400 min metr uzunluğunda qaz xətti çəkilib, 1820 ədəd qaz sayğacı quraşdırılıb. Amma buna baxmayaraq, sakinlər tərəfindən 1250 sayğac sıradan çıxarılıb. Bu da onu deməyə əsas verir ki, Nardaran sakinləri yalnız özlərinin özləri üçün yazdıqları qanunlarla yaşamağa üstünlük veriblər. Nəticə etibarı ilə özlərinə zərər verdilər. Onlara inam, etibar sarsıldı".

Daha sonra çıxış edənlər rayon polis idarəsinin rəisi Eldar İlyasov, Milli Təhlükəsizlik Nazirliyinin Sabunçu Rayon İdarəsinin rəisi Faiq Nuriyev, Milli Məclisin deputatları Eldar Quliyev, Dilarə Cəbrayılova, Yeni Azərbaycan Partiyasının (YAP) Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, YAP Sabunçu rayon təşkilatının fəal üzvü Murad Cənnətov bir qrup cinayətkar silahlı dəstənin din pərdəsi altında respublikada ictimai-siyasi sabitliyi pozmağa, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyə cəhd etdiklərini diqqətə çatdırıblar.

Bildirilib ki, belə halların qarşısını almaq üçün "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılaraq qəbul edilib.

Sonda mövzu ətrafında diskusiya aparılıb.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə