PA rəsmisi: “Müasir dövrümüzdə informasiya sərhədsizdir” YENİLƏNİB
Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Avrasiya Media Şəbəkəsi yanında təsis olunan "Avrasiya Gündəliyi" beynəlxalq analitik informasiya portalının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, beş dildə - ingilis, rus, türk, ərəb və Azərbaycan dillərində fəaliyyət göstərəcək portalda regional və beynəlxalq aləmdə maraq doğuran məsələlərə dair dünyanın aparıcı ekspertlərinin rəyləri yer alacaq. Təqdimat mərasimində Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri, portalın təsisçisi Umud Rəhimoğlu, informasiya portalının baş redaktoru Malik Ayub Sumbal, büro üzvləri, ölkənin qəzet baş redaktorları və kütləvi informasiya vasitələri iştirak edib.
"Avrasiya Gündəliyi" beynəlxalq analitik informasiya portalının baş redaktoru Malik Ayub Sumbal çıxış edərək deyib ki, "Avrasiya Gündəliyi" – beynəlxalq analitik informasiya portalı Avrasiya və ona yaxın olan ərazilərdə, post-Sovet məkanında baş verən hadisələrin, münaqişələrin və bütövlükdə dünyanı narahat edən gündəmdə olan problemlərin müzakirə müstəvisidir: "Münaqişәlәr vә mübahisәlәr barәdә reallığın әsl mәnzәrәsini dünyaya çatdırmaq mәqsәdilә insanların sәslәrini eşitdirmәk üçün mәqsәdyönlü bir mübarizә yoludur. "Avrasiya Gündәliyi" bütün bu mәsәlәlәri diqqәt mәrkәzinә gәtirmәk üçün bir platformadır".
Prezident Administrasiyasının məsul işçisi Bəhruz Həsənov bildirib ki, bu gün ənənəvi media tədricən öz yerini elektron mediaya buraxıb: "Xəbər, analitik saytlar, elektron media günümüzdə, dövrümüzdə daha çox üstünlük təşkil edir. Dünyanın bir sıra qabaqcıl, inkişaf etmiş ölkələrində qəzetlər var ki, onlar internet üzərindən yayımlanırlar. Hər halda bu bir dünya trendidir və yaxud qloballaşma dövrünün müasir çağırışlarından biridir. Qloballaşan müasir dövrümüzdə informasiya sərhədsizdir. Amma burada məqsəd və yaxud əsas meyar informasiyanın düzgün, qərəzsiz olduğu kimi ötürülməsidir".
Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov isə diqqətə çatdırıb ki, bu gün bizlər infomasiya əsrində yaşayırıq: "Artıq ölkələrin qüdrəti onun daha çox informasiyaya malik olmaları ilə ölçülür. Təbii ki, Azərbaycanda da belə nüfuzlu kütləvi informasiya vasitələri var. Əminəm ki, "Avrasiya Gündəliyi" xəbər portalının fəaliyyət göstərməsi Azərbaycanın beynəlxalq aləmdə imicinin daha da inkişaf etməsində önəmli töhfə olacaq. Xəbər portalının dünyanın 20-ə yaxın ölkəsində nümayəndəsi var. Demək olar ki, yer kürəsi tam olaraq əhatə olunur".
Sonda digər çıxış edənlər də yeni xəbər saytının gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB