Davudoğlu Ermənistana səsləndi "Sizə aid olmayan torpaqlardan çıxın"

Davudoğlu Ermənistana səsləndi "Sizə aid olmayan torpaqlardan çıxın"

"Azərbaycan və Türkiyə arasında xüsusi münasibətlər var. Türkiyənin hər lideri ilk dəfə Azərbaycana səfər edir və ya əksinə olur". SİA-nın xəbərinə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu "ADA" Universitetində çıxışı zamanı deyib.

İki ölkə arasındakı əlaqələrdən danışan baş nazir Ümummilli Lider Heydər Əliyevin məşhur "bir millət, iki dövlət" ifadəsini xatırladıb. O, Türkiyə və Azərbaycanın Avropayla Asiya arasındakı əlaqələrdə onurğa sütunu rolunu oynadığını bildirib.

Suriya ətrafındakı məsələyə toxunan Türkiyənin baş naziri ölkəsinin 2 milyondan çox miqranta və qaçqına qucaq açdığını deyib:"Türkiyə hər zaman Suriyanın yanında olacaq.Bu sözlər Azərbaycana da aiddir. Dağlıq Qarabağ münaqişəsinin həllində daim Azərbaycanın tərəfində olacağıq. Azərbaycanla Türkiyə hər yerdə bir heyətdir. Heyətlərimiz arasındakı danışıqlarda üz-üzə otursaq da biz bir heyətik. İki bayraq yana-yana dursa da tək bir bayraqdır. İşlərimizi birlikdə planşadırır, birlikdə həyat keçiririk"

Türkiyənin baş naziri xatırladıb ki, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır: "Buna baxmayaraq, Azərbaycan Qafqazda sabitliyin qorunması və bölgənin inkişafı istiqmətində fəaliyyət göstərir".

Baş nazir Ermənistan hakimiyyətinə müraciət edərək, deyib: "Sizə aid olmayan torpaqlardan çıxın. Bundan sonra siz də Azərbaycan- Gürcüstan-Türkiyənin birgə həyata keçirdiyi layihələrə qoşula bilərsiniz. Türkiyə və Azərbaycan Qafqazda sülhün təmsilçisidir".

Azərbaycanla Türkiyə arasındakı iqtisadi əlaqələrin perspektivindən danışan Türkiyə hökumətinin başçısı deyib: "Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsini 5 milyard dollardan 15 milyard dollara, sərmayə qoyuluşunu isə 13 milyard dollardan 20 milyard dollara çatdırmaq istəyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə