Elşad Mirbəşiroğlu: “Türkiyə Rusiyadan üzr istəməyəcək” AÇIQLAMA

“Türkiyə-Rusiya gərginliyi azalmağa doğru getmir”
Elşad Mirbəşiroğlu: “Türkiyə Rusiyadan üzr istəməyəcək” AÇIQLAMA

"Hər iki tərəf qarşılıqlı ittihamlarla çıxış edir, arqumentlər gətirərək haqlı olduqlarını təsdiq etməyə çalışırlar". Bu fikirləri SİA-ya politoloq Elşad Mirbəşiroğlu gərgin Türkiyə-Rusiya münasibətlərinin bundan sonrakı gedişatı barədə açıqlamasında deyib.

Türkiyə və Rusiya xarici siyasət rəhbərlərinin ATƏT-in Belqrad toplantısında bir araya gəlməsini irəliyə doğru atılmış bir addım kimi qiymətləndirən politoloq buna qədərki zaman intervalında xüsusilə Rusiya tərəfinin barışmaz mövqe ortaya qoyduğunu bildirib:

"Rusiya prezidenti Vladimir Putin Türkiyə tərəfinin üzr istəməyincə aralarında hər hansı bir görüşün baş tutmasınının mümkünsüzlüyünü bildirirdi. Amma baş tutan bu görüş tərəflərin gərginliyi aradan qaldırmaq məsələsində istəkli olduğunu göstərdi. Gərginliyin davam etməsi nə region, nə də Rusiya ilə Türkiyənin strateji maraqları üçün məqbuldur. Rusiya tərəfindən Türkiyəyə qarşı müəyyən sahələrdə sanksiyaların tətbiqi barədə qərar qəbul olunub. Amma düşünürəm ki, elə sənədlərdə də göstərildiyi kimi bu sanksiyalar müvəqqəti xarakter daşıyır və Türkiyənin Rusiyadan üzr istəməsinə hesablanıb".

Elşad Mirbəşiroğlunun sözlərinə görə, bütün hallarda Türkiyə Rusiyadan üzr istəməyəcək: "Düşünürəm ki, tərəflər bu gərginliyin onlara yaxşı heç nə vəd etmədiyini dərk edərək münasibətlərin normallaşdırılması yolunda addımlar atacaqlar.Türkiyənin Baş naziri Əhməd Davudoğlu Bakı səfərində də Rusiya barədə yumşaq tonlarla çıxış etdi. Davudoğlunun çıxışından da aydın oldu ki, Rusiyanın etdiklərinə qarşılıq Türkiyə də adekvat tədbirlər görmək niyyətindədir".

Bütün xəbərlər Facebook səhifəmizdə