BMqT-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş keçirilib

BMqT-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş keçirilib

Azərbaycan Respublikası Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov dekabrın 2-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprakı qəbul edib. Komitədən SİA-ya verilən məlumata görə, BMqT-nin Azərbaycandakı nümayəndəliyinin həyata keçirdiyi layihələr çərçivəsində əldə olunan nailiyyətlər barədə və miqrasiya sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə dair hərtərəfli fikir mübadiləsi aparılan görüşdə Baş nazirin müavini Əli Həsənov qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatlar içərisində Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq hökumətin daha çox önəm verdiyi təşkilatlardandır.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bizim üçün yeni olan miqrasiya probleminin həlli ilə bağlı milli qanunvericilik bazasının yaradılmasıda və digər hüquqi sənədlərin hazırlanmasında bu təşkilatın təcrübəsindən istifadə olunub və bundan sonra da bu təşkilatla əməkdaşlığı davam və inkişaf etdirmək Azərbaycan hökumətinin marağındadır. Bu təşkilatın ölkəmizdə fəaliyyətə başlamasından sonra həyata keçirdiyi layihələri prioritet layihələr kimi dəyərləndirən Baş nazirin müavini Əli Həsənov həmçinin onu da diqqətə çatdırıb ki, Azərbaycanın iqtisadi inkişafı, ölkəmizdə həyata keçirilən irimiqyaslı beynəlxalq layihələr, yeni iş yerlərinin yaradılması, vətəndaşlarımızın, ölkədəki qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və bu sahədə görülən işlərin oxşar problemlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirilməsi miqrantları da özünə cəlb edir. Bütün bunlar isə onların sayının artmasına gətirib çıxardığından bu təşkilatla hələ əməkdaşlığımızın, prioritet istiqamətlər üzrə layihələrin davam etdirilməsinə ehtiyac duyulur. Bütün bunlarla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün problemi, onların həlli yolları ilə bağlı görülən işlər barədə də qonağa hərtərəfli məlumat verən Əli Həsənov onu da bildirib ki, nüfuzlu beynəlxalq qurumların münaqişənin həllinə dair qəbul etdikləri qətnamələrin hələ də yerinə yetirilməməsi, beynəlxalq güclərin münaqişənin həllinə ikili standartlarla yanaşmaları bir daha sübut edir ki, bütün bunlar antidemokratik yanaşmadır.

Görüşdə Baş nazirin müavini həmçinin son günlər Rusiya və Türkiyə arasında yaranmış problemlə bağlı qeyd edib: "Bu gün sanksiyalardan əziyyət çəkən Rusiyanın Türkiyəyə münasibətdə sanksiya tətbiq etməsi onun mövqeyi ilə ziddiyyət təşkil edir. İqtisadi münasibətlər hər iki ölkə üçün vacibdir. Belə bir vəziyyətdə Azərbaycan Prezidentinin atdığı addım onun beynəlxalq arenada müstəqil və balanslaşdırılmış siyasət yeritdiyini göstərdi. Bizim üçün hər iki ölkə qonşudur və vacibdir.Bu konfliktin tezliklə həll olunmasını istəyirik".

Ətraflı məlumata, təmsil etdiyi qurumun fəaliyyətinə verdiyi qiymətə görə minnətdarlığını bildirən Serhan Aktoprak bu gün Azərbaycanın ərazisinin 20 faizinin işğalda olmasına, bir milyondan çox vətəndaşının qaçqın və məcburi köçkün şəraitində yaşamasına baxmayaraq ölkəmizin böyük uğurlara imza atdığını vurğulayaraq bütün bunlardan məmnunluğunu ifadə etmiş, təmsil etdiyi qurum tərəfindən ölkəmizdə həyata keçiriləcək layihələr barədə ətraflı fikir mübadiləsi aparmış, Azərbaycan hökuməti ilə əməkdaşlığa böyük önəm verdiklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə