“Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi maskalanmışların iç üzünü göstərdi” AÇIQLAMA
"Azərbaycanın hərbi yöndə atdığı ya da atacağı hər hansı addımın gərginləşmiş Türkiyə-Rusiya münasibətləri ilə heç bir əlaqəsi yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib ki, Azərbaycanın Dağlıq Qarabağdakı potensial hərbi əməliyyatlarla bağlı öz metodologiyası var: "Biz oturub gözləmirdik ki, görəsən Türkiyə-Rusiya münasibətləri nə vaxt pisləşəcək, o zaman da Qarabağa hücüm edək. Xeyr. Dövlətimizin bununla bağlı öncədən hazırlanmış planı var və buna əsasən də hərəkət edilir. Azərbaycanın Müdafiə naziri qəbul olunmuş plan-qrafikə uyğun olaraq aviasiya sahəsində təlimlər keçirdi".
Məlum hadisədən sonra Rusiyadakı ermənipərəst qüvvələrin Dağlıq Qarabağ məsələsindən sui-istifadə etməyə başladığını deyən Mübariz Əhmədoğlu qeyd edib ki, Rusiyanın ikinci dövlət kanalının aparıcısı Sergey Solovyovun gərginləşmiş Türkiyə-Rusiya münasibətləri fonunda Dağlıq Qarabağla bağlı anti-azərbaycançı mövqe sərgiləməsi gözlənilən idi: "Çünki bu insanın həyat yoldaşı həmin kanalın rəhbəridir və milliyətcə ermənidir. Heç bir rus politoloqun mənəvi və siyasi haqqı yoxdur ki, Azərbaycanla sərt dildə danışsın. Bir tarixi faktı qeyd edim. 1992-ci ildə Dağlıq Qarabağ probleminin qızğın vaxtlarında Türkiyə Rusiyadan daha güclü idi və istəsə Azərbaycan üçün Dağlıq Qarabağa müdaxilə edə bilərdi. Amma etmədi. Münaqişənin həllində heç bir dövlətin Azərbaycana ciddi köməyi olmayıb. Bu Azərbaycanın öz haqq məsələsidir. İndiyə kimi bu yöndə müəyyən uğurlar da var. Lazım gəldikdə isə Azərbaycan müharibə yolu ilə öz torpaqlarını işğaldan azad edəcək".
Mübariz Əhmədoğlunun szölərinə görə, Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi bəzi maskalanmışların iç üzünü göstərmiş oldu: "Həmin tərəflər məlum hadisəyə qədər Azərbaycanla bağlı müəyyən "ütülənmiş" fikirlər səsləndiriblər. Amma sonra yaranmış vəziyyəti əlverişli fürsət hesab edərək ölkəmizə qarşı əks hücuma keçiblər. Bəlkə də onlar öz düşüncələrində hesab ediblər ki, Türkiyə-Rusiya münasibətləri heç vaxt düzəlməyəcək və Azərbaycan bu gərginlikdən ciddi yara alıb. Lakin bu belə deyil. Azərbaycan bundan zərrə qədər də ziyan görməyəcək. Dövlətimiz bundan da çətin prosesləri neytrallaşdıra bilib. Düşünürəm ki, bu gərginlikdən də mənfi təsirsiz uzaqlaşa biləcəyik. Bizim istənilən sahədə, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllində də öz müstəqil siyasətimiz var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB