Prezidentlərin görüşünə ümüdlər azdır RƏY

Arzu Nağıyev: “Münaqişənin həlli ilə bağlı konkret nəticələrin əldə olunacağı inandırıcı görünmür”
Prezidentlərin görüşünə ümüdlər azdır RƏY

"ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik dəfələrlə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü haqqında anonslar versə də, düşünürəm ki, dekabrda görüşün baş tutması hələ sual altındadır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.

Politoloq qeyd edib ki, Ermənistan rəhbərliyi atəşkəsi pozmaqda davam edir, beynəlxalq normalara riayət etmir, Dağlıq Qarabağı öz ərazisi hesab edir, ərazi bütövlüyü ilə bağlı beynəlxalq normalara uyğun olmayan bəyanatlar verir: "Təbii ki, buna Azərbaycan tərəfi susqun qalmır. Azərbaycan rəhbərliyi də erməni təcavüzünü sərt bəyanatlarla tənqid edir və hətta lazım gəlsə güc nümayiş etdiriləcəyini söyləyir. Yəni, belə bir şəraitdə prezidentlərin görüşü baş tutsa belə, münaqişənin həlli ilə bağlı konkret nəticələrin əldə olunacağı inandırıcı görünmür".

Arzu Nağıyev əlavə edib ki, Ermənistanda konstitusiya dəyişikliklərini nəzərdə tutan referendum keçiriləcək və bu baş tutarsa, prezidentin səlahiyyətləri azalacaq: "Bu baxımdan da parlamentin bu görüşə necə yanaşması əsas amildir. Düşünürəm ki, ermənilər görüşlərlə status-kvonu saxlamğa çalışır. Bir sözlə, konkret addımlar atılmayacağı bir şəraitdə bu görüşün baş tutması münaqişənin həlli üçün əhəmiyyətli rol oynamır. Baxmayaraq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov regiona səfərlər edir, görüşlər təşkil edilir, lakin mühüm əhəmiyyət kəsb edən bəyanatlar səslənmir. Bu səfərlərlə sadəcə olaraq kimin regionda daha çox söz sahibi olduğunu nümayiş etdirməyə çalışanlar konkret bir nəticəyə gələ bilmirlər. Rusiya bu görüşün məhz ABŞ tərəfindən təşkil ediləcəyinə qısqanclıqla yanaşır və buna görə də yəqin ki, görüşün baş tutmamasına məhz Rusiya çalışacaqdır".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə