Seymur Orucov: “YAP-ın gənclərə olan inamını bundan sonra da doğruldacağıq”

Seymur Orucov: “YAP-ın gənclərə olan inamını bundan sonra da doğruldacağıq”

"Bu gün inkişaf edən, bütün istiqamətlərdə davamlı olaraq gücünü artıran dövlətimizin qarşısında dayanan hədəflər hər bir vətəndaş üçün çox önəmlidir. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev cənablarının apardığı uğurlu siyasət birbaşa vətəndaşın sosial rifahına yönəldiyindən bu gün Yeni Azərbaycan Partiyası öz ətrafında yüz minlərlə vətəndaşı birləşdirir. Xalqın partiyasına çevrilən YAP artıq 23-cü ildönümünü qeyd edir". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov partiyanın ötən illər ərzində göstərdiyi uğurlu siyasəti dəyərləndirərkən deyib.

YAP GB-nin sədri bildirib ki, partiyanın ətrafında birləşən gənclərin ilk vəzifəsi cənab İlham Əliyevin apardığı dövlət siyasətini gənclərimizə düzgün şəkildə təbliğ etmək, partiyanın tövsiyə və tapşırıqlarını həyata keçirməkdən ibarətdir: "Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyamızın 650 mindən artıq üzvü var. Bu isə özlüyündə həmin böyük qüvvə gənclər qurumu olaraq bizim üzərimizə əlavə məsuliyyətlər qoyur. O mənadakı, YAP-ın ölkəmizin ictimai-siyasi həyatında roluna uyğun olaraq partiyanın Gənclər Birliyi də hər zaman fəallıq nümayiş etdirməli, qoyulan yolu davam etdirməlidir. Bu gün YAP GB Azərbaycanın ən böyük, güclü gənclər təşkilatıdır. Təbii ki, məhz bu amil bizim partiyanın gənclər qurumunu digər təşkilatlardan fərqləndirir".

Seymur Orucov həyata keçirilən layihələr bardə də danışaraq, əldə edilən bütün nailiyyətlərdə YAP gənclərinin rolunun kifayət qədər olduğunu vurğulayıb: "Son illər partiyamızın Gənclər Birliyi fəaliyyətində yeniliklər həyata keçirir, yeni layihələrlə çıxış edir, gənclərlə fəal iş aparır. İstər Azərbaycanda, istərsə də ölkə sərhədlərindən kənarda, xarici ölkələrdə fəaliyyət göstərən siyasi partiyaların gənclər qurumları ilə əlaqələrin genişləndirilməsi, istərsə də daxildə bir sıra layihələrin uğurla həyata keçirilməsi bizim gördüyümüz işlərin keyfiyyətindən xəbər verir. Bir sıra bayramlarda YAP rəhbərliyinin dəstəyi ilə partiyanın Gənclər Birliyi və onun yerli qurumları sosial aksiyalar həyata keçirirlər. Bu baxımdan, YAP GB eyni zamanda gənclərin ideyalarının reallaşdırılması baxımından da ideal bir məkana çevrilib. Əsas məqsədimiz isə gənclərimizə ölkəmizdə görülən işlərlə bağlı geniş məlumatlar vermək, Yeni Azərbaycan Partiyasının ideya və məqsədlərini onlarla paylaşmaqdır".

YAP GB-nin sədri Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi ətrafında da önəmli layihələrin keçirildiyini xatırladıb: "Maarifləndirici tədbirlərimiz bir neçə istiqamətə bölünür-Azərbaycançılıq fəlsəfəsinin, Heydər Əliyev irsinin təbliği, partiyamızın Sədri, Prezident İlham Əliyevin fəaliyyətinin öyrənilməsi, erməni cinayətlərinin ifşası, gənclərin social maarifləndirlilməsi və sair. Bu istiqamətlərin hər biri üzrə mütəmadi olaraq Gənclər Birliyi ofisində tədbirlər təşkil edilir, dövlət rəsmiləri, elm adamları ilə gənclərin görüşləri keçirilir. Bundan əlavə gənclərin öz təşəbbüsləri ilə rayonlarımızın işğal günlərində, Xocalı faciəsi ilə əlaqədar olaraq hər il fevral ayı ərzində sosial şəbəkələrdə virtual aksiyalar keçirilir, müxtəlif beynəlxalq təşkilatlara, dövlətlərin parlamentlərinə erməni cinayətləri ilə bağlı məktublar göndərilir. Gənclərimizin ideya-siyasi tərbiyəsində partiyanın rəhbər orqanlarında təmsil olunan insanların, həmçinin müxtəlif nazirliklərdə fəaliyyət göstərən şəxslərin təcrübələrindən də geniş istifadə edilir. Bunun üçün mütəmadi olaraq görüşlər təşkil olunur".

"Artıq 23-cü ildönümünə qədəm qoyan Yeni Azərbaycan Partiyasının gənc üzvləri beynəlxalq səviyyədə də öz potensiallarını reallaşdırırlar",- deyə qeyd edən Seymur Orucov onu da bildirib ki, partiya rəhbərliyinin gənclərə olan etimadı nəticəsində Gənclər Birliyi olaraq bu gün Avropa Xalqlar Partiyası, Asiya Ölkələrinin Siyasi Partiyaları Komitəsi, Türkiyənin, Qazaxstanın, Rumıniyanın, MDB-nin digər dövlətlərinin və bir sıra digər xarici ölkələrin hakim siyasi partiyaları ilə sıx əlaqələr qururulur: "Beynəlxalq əlaqələrimizin daha da inkişafı üçün bu gün bir sıra Avropa dövlətlərinin iqtidar partiyaları ilə də gələcək əməkdaşlıqla bağlı yazışmalar aparılmaqdadır. Artıq nəticələrimiz də var. İnanırıq ki, bu fəaliyyətimiz gələcəkdə partiyamız və ölkəmiz, o cümlədən, xalqımız adına bizə yeni uğurlar qazandıracaqdır".

YAP GB-nin sədri YeniAzərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinin xalqımız tərəfindən də birmənalı şəkildə dəstəkləndiyini vurğulayıb: "Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Eyni zamanda, Ulu Öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət eyni zamanda, müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Bu siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib.Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humantiar, social tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Cənab Prezident tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir. Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlidir. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellectual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Məhz Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal social təbəqəyə çevrilib".

Seymur Orucov sonda bildirib ki, ümumiyyətlə, görülən işlər nəticəsində Azərbaycan gəncliyinin mütləq əksəriyyətinin mövqeyinin nədən ibarət olduğu bəllidir: "Bu mövqe ondan ibarətdir ki, gəncliyimiz Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyir. YAP Gənclər Birliyi özfəaliyyətində bu siyasətin uğurlarını təbliğ etməyi özünün başlıca vəzifəsi hesab edir və bu işin öhdəsindən layiqincə gəlməyə çalışır. Bizlər kifayət qədər əminik ki, biz Yeni Azərbaycan Partiyası rəhbərliyinin, partiyamızın Sədri, Prezidentimiz cənab İlham Əliyevin gənclərə olan inamını bundan sonra da doğruldacağıq".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə