Elman Nəsirov: “YAP mürəkkəb tarixi dövrdə ölkəni bəlalardan xilas edib”

“Missiya olaraq müxalifət partiyası kimi yaranan YAP əslində əsl müxalifət necə olmalıdır sualına cavab verdi”.
Elman Nəsirov: “YAP mürəkkəb tarixi dövrdə ölkəni bəlalardan xilas edib”

"YAP Ulu Öndərin əsəridir. Ulu Öndər bu partiyanı xaos içərisində çabalayan, hakimiyyətsizlik vakkumu və hərc-mərclik yaradan o dövrkü rejimdən xalqı azad etmək üçün yaradıb. Sivil yolla müxtəlif təbəqələrdən olan seçicilərin rəğbətini qazanaraq seçkilərdə qalib gəlmək kimi siyasi mədəniyyətin formalaşmasına səbəb oldu". Bu fikirləri SİA-ya YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov deyib.

Elman Nəsirov bildirib ki, partiyanın yarandığı dövr Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən biri idi: "Müstəqillik bəyan edilsə də formal xarakter daşıyırdı. Daxildəki xaos, hakimiyyətsizlik, erməni təcavüzü və nəticə olaraq 250 min soydaşımızın Ermənistandan deportasiya edilməsi fonunda xalq üzünü Ulu Öndər Heydər Əliyevə tutdu. O dövrdə məşhur "91"lərin Heydər Əliyevə müraciət edərək ondan yeni partiya yaratması və ona rəhbərlik edərək mübarizə aparmasını xahiş etdilər. Partiyanın təsis edildiyi vaxtdan elə müstəqil Azərbaycan dövlətinin formalaşdırılması istiqamətində mühüm addımlar atılmağa başladı. 1993-cü ildə Ulu Öndərin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra əsl müstəqillik dövrü başlandı və müasir Azərbaycan dövlətçiliyinin formalaşdırılması prosesinin əsası qoyuldu. Partiya sədri olaraq seçkilərə qatılan Ulu Öndər böyük xalq dəstəyi ilə qələbə qazandı və ilk dəfə Azərbaycanda legitim hakimiyyət formalaşdı. Xalq öz istəyi ilə Azərbaycanı bəlalardan xilas edə biləcək insanı - Heydər Əliyevi hakimiyyətə gətirdi".

Poltioloqun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının idarəçiliyi altında həmin vaxtdan ölkəmiz ciddi uğurlar qazanmağa başladı: "1994-cü il və 1995-ci ildəki dövlət çevrilişlərinin qarşısı qətiyyətlə alındı. 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk və xalqın siyasi iradəsi ortaya qoyaraq formalaşdırdığı Konstitusiya qəbul olundu. Artıq Ulu Öndərin rəhbərlik etdiyi partiyanın xidmətləri idi ki, 1996-cı ildən Azərbaycanda iqtisadi tənəzzülə son qoyuldu və iqtisadiyyatda inkişaf başlandı. Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə 1994-cü il 20 sentyabrda "Əsrin müqaviləsi"nin və 1996-cı il iyununda Şahdəniz yatağının işlənməsi haqda müqavilə imzalanması ilə uğurlu neft-qaz strategiyasının əsası qoyuduldu. Azərbaycanın enerji ehtiyatlarının Avropa bazarına çıxarılması mühüm uğur idi. Azərbaycanın beynəlxalq əlaqələri güclənməyə başladı. 1996-cı ildən Avropa İttifaqı ilə əlaqələr quruldu. 2001-ci il də Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul olundu. Eyni zamanda ölkə daxilində də uğurlu demokratik islahatlar keçirildi. Senzuranın və ölüm hökmünün ləğv edilməsi kimi mühüm addımlar atıldı. Nəticə etibarilə bütün bunlar Azərbaycanın həm daxildən, həm də beynəlxalq əlaqələrinin daha da möhkəmlənməsinə səbəb oldu. Bu prosesdə Yeni Azərbaycan Partiyasının müstəsna xidmətləri olmuşdur".

Azərbaycanın Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Ulu Öndərin yolunu, siyasi xəttini sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq davam etdirdiyini xüsusi qeyd edən Elman Nəsirov bildirib ki, həmin siyasət çevik, hücum taktikasına söykənən balanslaşdırılmış siyasətdir: "Bu siyasətin nəticəsində Azərbaycan daha da güclü və nüfuzlu dövlətə çevrilib. Ölkəmiz 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilmişdir. Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bu uğurlar silsiləsindəndir. Azərbaycan çox sürətlə inkişaf edir və beynəlxalq birlik bunu görərək dəyərləndirir. Bütün bunlarda hakim Yeni Azərbaycan partiyasınım mühüm rolu, funksiyası vardır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında, Yeni Azərbaycan Partiyasının fəaliyyəti nəticəsində bu gün Azərbaycan çox böyük uğurlara imza atıb. Bunu gözü götürməyən bəzi dairələr hər vəchlə bunlara kölgə salmağa, Azərbaycanı inkişaf xəttindən çıxartmağa və müəyyən məsələlərdə asılı vəziyyətə salmağa cəhdlər edirlər. Amma bu mümkün deyil. Çünki Azərbaycanda xalq və Prezidentin monolit birliyi var. Xalq Prezidentini sevir, Prezident isə xalqın mənafeyindən ölkəni idarə edir.

Bu gün Azərbaycan müstəqil siyasət həyata keçirir. Bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmaqda maraqlıdır. Ölkə Prezidenti dəfələrlə vurğulayıb ki, Azərbaycanla təzyiq dilində danışmaq olmaz. Müasir, güclü və inkişaf edən Azərbaycana görə xalqımız Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevə hər zaman minnətdar olacaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə