Suraxanıda YAP-ın 23 illiyi qeyd edilib

Əli Əhmədov: “Heydər Əliyevin rəhbərliyi altında yaradılan Yeni Azərbaycan Partiyası inkişaf və tərəqqi yolunu tutmaqla öz öncüllyünü qoruyur”
Suraxanıda YAP-ın 23 illiyi qeyd edilib

Yeni Azərbaycan Partiyası (YAP) Suraxani rayon təşkilatının qərargahında partiyanın yaradılmasının 23-cü uildönümü ilə əlaqədar partiyanın fəal gəncləri ilə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov, Suraxanı rayon İcra hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili Ağacan Abiyev və partiya fəalları, gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov bildirib ki, YAP öz nəhəng fəaliyyəti ilə həm ölkəmizdə, eləcə də beynəlxalq aləmdə nüfuzlu siyasi təşkilat kimi tanınmaqdadır. Belə ki, Yeni Azərbaycan Partiyasının adındakı yeniləşmə ideyası Azərbaycan çərçivəsindən çıxıb: "Bu ideya yeni cəmiyyət qurma fəlsəfəsini ortaya qoyur. Bu baxımdan, xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi altında yaradılan Yeni Azərbaycan Partiyası inkişaf və tərəqqi yolunu tutmaqla öz öncüllyünü qoruyur".

YAP Sədrinin müavini eyni zamanda qeyd edib ki, bu gün YAP ümumxalq partiyasına çevrilib. Çünki partiyanın ətrafında yüz minlərlə insan birləşir, ölkəmizin inkişafı və tərəqqisi naminə fəaliyyət göstərir. Ona görə də YAP-ın uğurlu fəaliyyəti həm də ölkəmizin nailiyyətlə qazanmasına öz töhfələrini verməkdədir: "Azərbaycan hazırda regionun lider dövlətidir. Azərbaycanın beynəlxalq aləmdə mövqeyi xeyli güclənib. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə bir sıra beynəlxalq tədbirlər keçirilib. Azərbaycan iqtisadiyyatının inkişaf etməsi, müasirləşməsi ölkəmizin həm regionda, həm də dünyada mövqelərini ciddi şəkildə möhkəmləndirib. Azərbaycan yaşadığımız bölgənin lider statusunu ardıcıl neçə ildir ki, daşıyır. İnanıram ki, Azərbaycan bu statusu heç zaman əlindən verməyəcək. Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsini sübuta yetirən ciddi misallar gətirmək olar. Bir neçə il əvvəl ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi gənc dövlətin xarici siyasətinin və ümumilikdə dövlətin həyata keçirdiyi siyasətin uğurundan xəbər verir. Azərbaycanın həyatındakı dəyişikliklər davamlı olacaq".

Sonra tədbirdə YAP-ın bir sıra rayon təşkilatlarının gənclər birliklərinin sədrləri, fəallar da çıxış edərək vurğulayıblar ki, Azərbaycan gəncliyi YAP ətrafında birləşərək, öz potensiallarını dövlətçiliyin möhkəmləndirilməsinə, Ulu Öndər Heydər Əliyev ideyalarının yaşadılmasına yönəldirlər. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasətini birmənalı olaraq dəstəkləməklə, növbəti uğurlara, müvəffəqiyyətlərə imza atmağa çalışırlar. Əldə edilən hər bir uğur isə eyni zamanda Yeni Azərbaycan Partiyasının uğurları kimi qiymətləndirilir.

Tədbirin sonunda bir sıra fəal gənclərə Yeni Azərbaycan Partiyasının fəxri fərmanları təqdim olunub.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə