Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 23-cü ildönümü münasibəti ilə partiyanın İcra katibliyi, İdarə Heyətinin, Siyasi Şuranın üzvləri Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər. SİA-nın məlumatına görə, YAP üzvləri Ulu Öndərin məzarı önünə əklil qoyublar.
Daha sonra ziyarətçilər akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər, xatirəsini anıblar.
Mərasimdə həmçinin millət vəkilləri, ictimaiyyət nümayəndələri və YAP-ın gənc üzvləri iştirak ediblər.
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında 1992-ci ildə təsis edilmiş Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycanın siyasi həyatında və siyasi tarixində önəmli rol oynayıb: "Ulu Öndərin rəhbərliyi altında Azərbaycan ən böyük təhlükələrdən xilas olub və müasir Azərbaycan dövləti və cəmiyyəti yaradılıb. Bugünkü müstəqil, inkişaf edən, dünyaya sürətlə inteqrasiya edən Azərbaycan təbiidir ki, Ümummilli Liderin rəhbərliyi altında YAP-ın çoxmilli üzvlərinin yaxından iştirakı ilə yaradılıb. Biz məmnunluq hissi ilə YAP-ın Azərbaycanda bu gün Prezidenti İlham Əliyevin altında həyata keçirilən genişmiqyaslı quruculuq işlərində yaxından iştirak etdiyini qeyd etmək istəyirik".
Əli Əhmədov əlavə edib ki, hakim partiya bu gün cəmiyyətin aparıcı siyasi qüvvəsidir: "Hesab edirəm ki, YAP-ın bu yaxınlarda ölkəmizdə keçirilən parlament seçkilərində növbəti qələbəsi də partiyanın böyük ictimai nüfuzundan və dəstəyindən xəbər verir. İnanıram ki, uzun illər hakim partiya Prezidentimiz, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın siyasi həyatında aparıcı rolunu qoruyub saxlayacaq. Bundan sonra da Azərbaycanın inkişafı, yüksəlişi, insanlarımızın həyatının, rifahını yaxşılaşması Prezident İlham Əliyevin həyata keçirdiyi Heydər Əliyev siyasəti və YAP-ın adı ilə bağlı olacaq".
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının əsası 1992-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. 2003-cü ildən bəri partiyanın sədri İlham Əliyevdir. Yeni Azərbaycan Partiyasının lideri İlham Əliyev 2003-cü və 2008-ci illərdə keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində qalib olub. 2015-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə partiya 125 mandatdan 70-inə sahib olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB