"Yeni Azərbaycan Partiyası (YAP) ötən dövr ərzində uğurla fəaliyyət göstərib. YAP öz fəaliyyətilə ümumxalq partiyası olduğunu təsdiq edib". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, partiyanın Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov deyib.
Namiq Əhmədov bildirib ki, ötən müddət ərzində partiya yalnız Azərbaycanın inkişafı naminə çalışıb: "YAP Azərbaycanın çətin bir dövründə Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə yaradılıb. Ulu Öndərimiz partiya yarandıqdan qısa müddət sonra Azərbaycanda hakimiyyətə qayıtdı. Bununla da, partiyamız da Azərbaycanın inkişafında özünəməxsus rol oynamağa başladı. Bu gün partiyamız, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsini yaşayır. Ümumiyyətlə, tam əminliklə demək istərdim ki, yaradılmasının 23 illiyini qeyd etməyə hazırlaşan Yeni Azərbaycan Partiyası fəaliyyətinin bütün dövrlərində ümumxalq rəğbəti qazanıb".
Namiq Əhmədov bildirib ki, bütün bu uğurların təməlində ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarının yürütdüyü mükəmməl siyasi xətti və qətiyyətli mövqeyi dayanır: "O cümlədən, bu gün əldə edilən uğur faktorunun daha bir əhəmiyyətli məqamı, xalqımızın Prezident İlham Əliyevə olan inamı və Onun ətrafında sıx birləşməsidir. Məhz bu vəhdət, bu sarsılmaz inam Prezidentimizə, eləcə də partiyamızın Sədrinə öz fəaliyyətində davamlı nailiyyətlər əldə etməsinə zəmin yaradır".
YAP Siyasi Şurasının üzvü onu da xatırladıb ki, müstəqil Azərbaycan sosial-iqtisadi, mədəni, siyasi və s. sahələrdə qazandığı nailiyyətləri ilə bir daha sübut edir ki, ölkəmiz hələ bundan sonrakı illərdə də öz yüksəlişini davam etdirəcək. Bütün bu uğurların qazanılmasında isə YAP-ın rolu və yeri danılmazdır: "Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının əsas qayəsi və məramı xalqa və dövlətçiliyə xidmətdən ibarətdir. Hər bir partiya üzvü ilk öncə bu faktoru dərk etməli və çalışmalıdır. Əbəs yerə deyil ki, keçirilən seçkilərdə də YAP daima xalqın dəstəyini qazanıb. Noyabrın 1-də ölkəmizdə növbəti seçkilər –parlament seçkiləri keçirildi. Bu seçkilərdə YAP bir daha öz liderliyini təsdiq etdi. O cümlədən, YAP Xəzər rayon təşkilatı da seçkilərə inamla gedərək, namizədləri ilə seçki uğuru qazandı və bu, yalnız bizim rayonda deyil, o cümlədən, partiyamızın bütün rayon təşkilatlarında müşahidə edildi".
Namiq Əhmədov daha bir amilə də toxunaraq bildirdi ki, hakim partiyadan fərqli olaraq, xüsusilə, radikal təmayüllü müxalifət partiyaları öz zəifliklərini, xalqdan dsətək ala bilməyəcəklərini daha öncədən dərk edərək, parlament seçkisinə qatılmadılar: "Bu isə həm də belə düşünməyə əsas verir ki, əgər bunlar parlament seçkisinə qatılmağa cürət etmirlərsə, bu zaman digər seçkilərdə ümumiyyətlə, heç nəyə nail ola bilməyəcəklər. Biz dəfələrlə belə halların şahidi olmuşuq. Əlbəttə ki, belə bir məqamda 23 illik fəaliyyəti dövründə uğur və zəfərlərə imza atan YAP öz öncüllüyünü qoruyaraq həm ölkəmiz daxilində, həm də beynəlxalq aləmdə ən güclü siyasi təşkilat olduğunu isbatlayıb. Ötən parlament seçkiləri sonuncu seçki qələbəsi deyil və bu qələbələr gələcəkdə də keçiriləcək seçkilərdə əldə ediləcək. Tam şəkildə ümidvaram ki, növbəti seçkilər də bizim üçün yeni-yeni uğurlar, müvəffəqiyyətlər gətirəcək. Beləliklə, YAP hər zaman olduğu kimi, bu dəfə seçkilərə qələbə, zəfər əzmi ilə gedir. Çünki YAP xalqın partiyasıdır. Xalq isə nəhənglik və məğlubedilməzlik deməkdir. Müxalifət isə hər zaman olduğu kimi yenə də yerində sayacaq. Çünki onlar heç vaxt xalqa arxalanmayıblar. Onların arxalandıqları tərəflər isə bəllidir. Xarici siyasi dairələr, Qərbdə fəaliyyət göstərən və bilavasitə erməni lobbisi ilə iş birliyində olan şəxslər və s. Bu qüvvələr Azərbaycanın inkişafını, tərəqqisini istəməyənlərdirlər və buradakı radikal müxalifət ünsürləri dövlətçilik maraqlarını, xalqın maraqlarını belə qüvvələrə satmaqla məşğuldurlar. Ancaq biz dəfələrlə onun şahidi olmuşuq ki, 20 ildən artıq müddətdir ki, müxalifətçilik edən bu xəyanətkarla toplumu ötən illər ərzində heç nəyə, heç bir istəklərinə nail olmağı bacarmadılar. Yəni bu bir aksiomadır ki, radikallıq, dağıdıcılıq, milli və dövlətçilik maraqlarını satmaqla heç bir siyasi uğur əldə etmək olmaz. Bunun nəticəsi iflasdır ki, biz də bunu həmin müxalifətdə görürük".
YAP Xəzər rayon təşkilatının sədri bildirib ki, artıq Azərbaycan öz inkişaf və tərəqqi mərhələsinin yüksəliş dövrünü yaşayır və bu yüksəlişi YAP-ın təzahüründə yaşamaq ikiqat fərəh və qürur hissi yaradır: "Bütün ölkəmiz boyu tikinti-quruculuq, abadılıq və yenilənmə işləri gedir. Bu müasirlik Xəzər rayonunda da görünməkdədir. Əlbəttə ki, mən burada rayonumuzdan millət vəkili seçilmiş Yeni Azərbaycan Partiyasının Sədr müavini, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətini də xüsusilə vurğulamaq istərdim. Mehriban xanım Azərbaycanın dünyada tanıdılmasında gördüyü misilsiz işləri ilə əvəzsiz töhfələrini verib. Parlamentin V çağırışın da millət vəkilliyi edəcək Mehriban xanım Əliyeva Azərbaycanın beynəlxalq arenadakı adını daha da yüksəklərə qaldıracaq".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB