Hakimiyyətin çoxdankı arzusu Açıqlama

"Prezidentli respublikaya keçid indiki hakimiyyətin çoxdankı arzusudur". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Fikrət Sadıqov deyib. Onun sözlərinə görə, Türkiyədə prezidentli respublikaya keçid dövlət başçısının idarəçilikdə rolunu daha da gücləndirəcək: "Yəni, prezident daha geniş səlahiyyətlərə malik olacaq. Eyni zamanda bir sıra məsələlərin həllində prezidentin qərarı sərəncam səciyyəsi daşıyacaq".

Ekspert bildirib ki, Türkiyədə uzun illər ərzində qarışıq bir sistem mövcud olub və bu qarışıq sistem Türkiyə siyasətinə birbaşa təsir edib: "Hakimiyyətin idarəsində şəxsiyyətin rolu danılmazdır. Süleyman Dəmirəlin dövründə onun səlahiyyəti kifayət qədər geniş idi. O bir dövlət başçısı kimi bir sıra qərarların qəbul olunmasında israrlı idi və onun siyasi addımları Türkiyəni inkişaf yolunda çox irəli apardı".

Fikrət Sadıqov qeyd edib ki, prezidentli respublikaya keçid indiki hakimiyyətin çoxdankı arzusudur: "Prezident Ərdoğan gec-tez bu arzusunu reallaşdıracaq. Bu qərar indiki vəziyyətdə Türkiyədə stabil bir respublikanın yaranmasına imkan yaradacaq. Bu addım birbaşa olaraq ölkənin maraqları ilə üst-üstə düşür. Hazırda Türkiyə güclü hakimiyyətə ehtiyacı var və bu hakimiyyət prezidentli respublikaya keçəndən sonra qurula bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə