KİV-lərin reklam ala bilməməsinin səbəbləri RƏY

Müşviq Ələsgərli: "Ölkədə peşəkar media menecerləri yoxdur"
KİV-lərin reklam ala bilməməsinin səbəbləri RƏY

"Kütləvi İnformasiya Vasitələrində reklam məsələsi ölkə mediasının ən ağrılı problemlərindəndir. Uzun müddət aktual olmasına baxmayaraq, problemin həlli yolunda uğurlu nəticələr əldə edilməyib". Bu fikirləri SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşviq Ələsgərli deyib.

Müşviq Ələsgərli qeyd edib ki, mütəxəssislər bu sahədə mövcud olan problemi Azərbaycandakı reklam bazarının ölkənin iqtisadi inkişafına uyğun olmaması ilə əlaqələndirirlər: "Nəzərə alsaq ki, müəssisə və təşkilatların ümumi büdcələrinin ən azı bir faizinin reklam və elanlara xərclənməsi nəzərdə tutulur, onda ölkə KİV-lərinin reklam dövriyyəsinin minimum halda 200 milyon manatdan yüksək olması gözləniləndir. Amma biz buna bənzər rəqəmi reallıqda görmürük. Azərbaycan büdcəsi ilə reklam bazarı, hələ ki, tərs mütənasibdir. Beynəlxalq standartlara görə, KİV-lərin ən azı 75 faiz maliyyəsi reklam və elanlardan gələn gəlirdən formalaşmalıdır. Azərbaycanda isə, hələ də əsas gəlir mənbəyi rolunda satış və yayım prinsipi dayanır".

Mətbuat Şurası İdarə Heyətinin üzvü ikinci bir problem kimi mövcud reklam dövriyyəsində ədalətli bölgünün olmamasını göstərib. M.Ələsgərli bildirib ki, uzun müddət reklam alıcısı rolunda televiziya və radiolar çıxış ediblər, qəzetlər arxa cərgədə dayanıblar: "İndi bu sıraya onlayn media müdaxilə edib. Bu baxımdan, onsuz da az məbləğlə ifadə olunan reklam bazarı, onlayn media, televiziya və radiolar arasında daha çox bölüşdürüldüyündən, çap mediasının az məbləğli reklam gəlirləri daha da azalıb. Düzdür, çap mediasını bu durumdan çıxarmaq üçün dövlət səviyyəsində ciddi addımlar atılır. Azərbaycan Respublikasının Przidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu müsabiqəli yardım proqramlarını birmənalı olaraq çap mediaya yönəldir. Amma istənilən halda, reklam işinin yerində olmaması, çap media üçün ciddi maliyyə sızıntıları yaradır. Problemin həlli yolları asan deyil. KİV-in reklam probleminin aradan qaldırılması üçün tam bir mexanizm hazırlanmalıdır, lazımi infrastruktur qurulmalıdır. Məsələn, hələ bu günə qədər Azərbaycanda tiraj komissiyası yoxdur. Tutaq ki, ortada reklam vəsaiti var və bu reklamı tiraja görə bölüşdürmək lazımdır. Qəzetlərin dəqiq tirajlarını hansı mənbəyə istinadən müəyyən etmək olar? Belə bir indikator mexanizmi, bizdə hələ ki, qurulmayıb. Digər tərəfdən, ölkədə kifayət qədər reklam agentlikləri olsa da, əksəriyyətinin peşəkar kadrları yoxdur. Bu məsələ kifayət qədər qabardılıb. Ölkədə peşəkar media menecerləri yoxdur, reklam agentlikləri özləri də qeyri-ixtisas sahibi olan valantyorlar hesabına fəaliyyət göstərirlər. Bu problem təkcə reklam agentlikəri üçün deyil, media qurumlarının özləri üçün də keçərlidir. Kim deyə bilər ki, hansısa media qurumunda peşəkar reklam menecerləri fəaliyyət göstərir? Məsələ ondadır ki, Azərbaycanda heç reklam meneceri hazırlayan təhsil obyekti də yoxdur. Bu yöndə problemləri kifayət qədər sıralamaq olar. Bu baxımdan da hesab edirəm ki, reklam problemini həll etmək üçün tam bir mexanizm hazırlanmalı, təkliflər paketi olmalıdır. Mətbuat Şurası belə bir təkliflə çıxış edib. KİV-lərin reklam işinin təkmilləşdirilməsi üçün təkliflər paketinin ilkin layihəsi də hazırlanıb. Amma bu layihə nə vaxt diqqət çəkəcək, bu haqda dəqiq informasiya bilmirəm. Bu məsələ parlamentdə müzakirə edilib, uyğun qərarlar verilməlidir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə