Nizami rayonunda Dövlət Bayrağı Günü təntənəli şəkildə qeyd edilib TƏDBİR-FOTOLAR
Nizami rayonunda Dövlət Bayrağı Günü təntənəli şəkildə qeyd edilib. Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı və Nizami rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 9 noyabr - Dövlət Bayrağı Günü qeyd edilib. SİA-nın məlumatına görə, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisə namizədliyi qeydə alınan Sədaqət Vəliyeva qeyd edib ki, bayraq qürur yerimiz, dövlət rəmzimiz, milli kimliyimizdir: "Üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası və yüksəldilməsi istiqamətində ilk israrlı, vətənpərvər cəhdlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir. Muxtar respublikanın ali orqanının 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında qərar qəbul edilib, üçrəngli bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan Respublikası Ali Soveti qarşısında vəsatət qaldırılıb. 1995-ci ildə Ümummilli Liderin rəhbərliyi altında hazırlanmış Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilib".
Sədaqət Vəliyeva bildirib ki, Ulu Öndərin milli mənafelərə əsaslanan siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını daim uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır: "Bizim bayrağımız bizim müstəqilliyimizin rəmzidir, bizim bayrağımız bizim qürur mənbəyimizdir. Azərbaycan bayrağı Dağlıq Qarabağda, Şuşada və bu gün hələ də işğal altında qalan başqa torpaqlarımızda dalğalanacaq".
Çıxış edən Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova qeyd edib ki, 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib: "Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir".
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatı Aparatının rəhbəri Ramil Vəlibəyov, partiya fəallarından Mərdan Şahıyev, Valeh Hüseynov və digərləri ölkəmizdə dövlət rəmzlərinə, o cümlədən bayrağa böyük hörmət və sevgi bəslənildiyini xüsusi qeyd ediblər.
Dövlət Bayrağı Gününə həsr olunan bayram tədbiri konsert proqramı ilə başa çatıb.
Sonda xatirə şəkli çəkdirilib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB