Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının 29 saylı Səbail Seçki Dairəsindən YAP-ın deputatlığa namizədi Şəmsəddin Hümmət oğlu Hacıyevin seçicilərlə görüşü davam edir
YAP vəd vermir, əməl edir VİDEO

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının 29 saylı Səbail Seçki Dairəsindən YAP-ın deputatlığa namizədi Şəmsəddin Hümmət oğlu Hacıyevin şəhid və Qarabağ əlillərilə növbəti görüşü keçirilib. Səbail rayonu "Şəhid ailələri, Qarabağ müharibəsi veteranları" İctimai Birliyinin sədri Bəyverdi Novruzov ölkəmizdə əlamətdar hadisə - parlament seçkilərinin keçiriləcəyini bildirib. B.Novruzov Səbail rayon şəhid və Qarabağ veteranlarının YAP-ın namizədlərinə səs verəcəklərini söyləyib.

"Şəhid ailələri, Qarabağ müharibəsi veteranları" İctimai Birliyinin qərargahında keçirilən yığıncağı namizədin vəkili Zəfər Bayramov açaraq Yeni Azərbaycan Partiyasından 29 saylı Səbail Seçki Dairəsindən deputatlığa namizəd Şəmsəddin Hümmət oğlu Hacıyevin həyat və elmi fəaliyyətilə bağlı məlumat verib.

Tədbirdə çıxış edən deputatlığa namizəd Şəmsəddin Hacıyev görüş iştirakçılarına təşəkkürünü çatdırıb. Deputatlığa namizəd Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələrinin cəmiyyətimizin daim diqqət göstərilən təbəqəsi olduğunu bildirib: "Siz Azərbaycanın ən dəyərli və hörmətə layiq vətəndaşlarısınız. Dövlətimiz tərəfindən sizin sosial rifahınızın yaxşılaşması və ehtiyaclarınızın qarşılanması üçün indiyə kimi böyük işlər görülübdür. Əmin olun ki, dövlətimiz bundan sonra sizin yanınızda olacaq".

Şəmsəddin Hacıyev gələn ilin dövlət büdcəsində müdafiə xərclərinin yenə artırıldığını nəzərə çatdırıb: "Neftin qiyməti iki dəfə azalanda, erməni mətbuatı sevincək yazırdı ki, Azərbaycan hərbi xərclərini azaldacaq. Amma gəlirlərimizin azalmasına baxmayaraq, 2016-cı ilin dövlət büdcəsində müdafiə xərcləri yenə də artırılır. Bu, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin işğal olunmuş torpaqlarımızla bağlı nə dərəcədə prinsipial, güzəştsiz mövqedə olduğunu göstərir. Mən əminəm ki, sabah Ali Baş Komandan torpaqlarımızın azad olunmasilə bağlı döyüş əmri verdikdə, əsgərlərimizlə bərabər sizlər yenə də ön sıralarda olacaqsınız".

Azərbaycanın daha da inkişafı üçün yeni dövrün olacağını deyən Şəmsəddin Hacıyev Yeni Azərbaycan Partiyasının uğurlu siyasətini hər zaman dəstəklədiyini bildirərək, hər kəsi seçki məntəqələrinə gəlməyə və öz səslərini verməklə bu dövlətə necə sadiq olduqlarını bir daha sübut etmiş olacaqlar: "Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra öz iqtisadi-siyasi inkişafilə dünyaya özünü layiqincə təqdim etdi".

Şəmsəddin Hacıyev, həmçinin seçicilərin etimadını qazanıb millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlər haqqında da məlumat verib: "Parlament üzvünün vəzifələri qanunlarla müəyyənləşib. Deputatların əsas vəzifəsi qanun yaradıcılığı işilə məşğul olmaqdır. Amma insanların dəstəyilə parlamentə seçilən şəxs də həmin insanların problemlərilə maraqlanmağa və həllinə çalışmağa borcludur. Bir də YAP vəd vermir, əməl edir. Mən də YAP-ın namizədi olaraq vəd vermirəm, əməl edirəm. Millət vəkili seçiləcəyim təqdirdə, əmin edirəm ki, bütün gücümlə sizin etimadınızı doğrultmağa çalışacağam".

Şəmsəddin Hacıyev çıxışının sonunda Səbail rayon seçicilərini 1 noyabrda keçiriləcək seçkidə YAP-ın namizədlərinə səs verməyə çağırıb.

Görüşdə çıxış edən şəhid ailələrindən Yetər İsmayılova, Yasəmən Abdullayeva və başqaları çıxış edərək Şəmsəddin Hacıyevin bu təbəqədən olan insalara xüsusi diqqət göstərdiyi üçün təşəkkürlərini bildiriblər və seçkidə uğurlar arzulayaraq, seçki günü hamılıqla ona səs verəcəklərini vurğulayıblar.

Görüşdə veterenları, əlilləri və şəhid ailələrini maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə