Musa Quliyev: “Prezidentin islahatları iqtisadiyyatın yeni dövrünün inkişafına təməl yaradır” AÇIQLAMA

Musa Quliyev: “Prezidentin islahatları iqtisadiyyatın yeni dövrünün inkişafına təməl yaradır” AÇIQLAMA

"Dünyada iqtisadi böhran davam edir və getdikcə dərinləşməlidir. Şübhəsiz ki, belə maliyyə böhranı Azərbaycan iqtisadiyyatına da təsir edir. Neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatının inkişafının davam etdirilməsi üçün əlavə potensiallar axtarmağa və yeni iqtisadi modeldən istifadə etməyə zərurət yaradır". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib. O, Prezident İlham Əliyevin son dövrlərdə çıxışlarının, çağırışlarının, imzaladığı sərəncam və fərmanların məhz qeyri-neft sektorunun inkişafına xidmət etdiyini qeyd edib.

Bildirib ki, kiçik və orta sahibkarlığa daha çox üstünlük verməklə əhalinin məşğulluğunu təmin etmək, yoxsulluq vəziyyətini daha da azaltmaq, pul gəlirlərini artırmaq və ümumilikdə ölkə iqtisadiyyatını inkişaf etdirmək nəzərdə tutulub: "Prezident İlham Əliyevin son müşavirələrdə söylədiyi kimi, Azərbaycanda korrupsiyanın kökünün kəsilməsi, manapoliyanın tamamilə aradan qaldırılması üçün qanunların qəbul olunması, fərman və sərəncamlar çox vacib idi. Sahibkarlıq fəaliyyətində yoxlamaların iki il müddətində dayandırılması kiçik və orta sahibkarlığın inkişafına böyük dəstək verəcək".

Deputat gömrük rüsumları və digər yeniliklər barədə də danışıb: "Xaricdən on min manatadək malların rüsumsuz gətirilməsi və digər gömrük qaydalarının daha da liberallaşdırılması, vergilərdə daha da liberal münasibətin yaradılması, İqtisadi İnkişaf Nazirliyinin xətti ilə Sahibkarlara Dəstək Fondunun imkanlarından daha geniş şəkildə yararlanılması, sahibkarların işinə qeyri-qanuni müdaxilə olarsa, ölkə rəhbərliyinə müraciət etmələri üçün cənab Prezidentin çağırışı çox önəmlidir. Dövlət başçısının bu istiqamətdə həyata keçirdiyi islahatlar Azərbaycan iqtisadiyyatının yeni dövrünün inkişafına təməl yaradır. Bu, hüquqi və siyasi islahatların davamıdır. Azərbaycanda sahibkarlığın inkişafı, vətəndaş-məmur münasibəti, elektron hökumətin qurulması sahəsində də Prezidentin verdiyi göstərişlərin böyük əhəmiyyəti olacaq. Növbəti ildə bunu əyani şəkildə öz həyatımızda görəcəyik".

Millət vəkili vurğulayıb ki, 2016-cı ilin dövlət büdcəsində müəyyən qədər azalma olsa da, sosial proqramların tam maliyyələşdirilməsi, əhalinin sosial müdafiəsi sahəsində artımların olması, gələcəyə yönələn qeyri-neft sektorunun inkişafı gələn illərdə ümumidaxili məhsulun və dövlət büdcəsininin daha da artmasına şərait yaradacaq və əhalinin sosial rifahını təmin edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə