Nəriman Əliyev qələbə qazanacağına əmindir FOTOLAR

Nəriman Əliyev qələbə qazanacağına əmindir FOTOLAR

1 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 70 saylı Masallı şəhər Seçki Dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Əliyev Nəriman Əlibala oğlunun Masallı rayonunda seçicilərlə görüşü davam edir. Seçicilərlə növbəti görüş Masallı şəhərində keçirilib. Görüşü giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahının Masallı rayon şöbəsinin sədri Seyfəddin Əliyev Azərbaycanın son zamanlarda əldə etdiyi uğur və nailiyyətlərdən danışdı. Natiq əldə olunan bu uğurların düzgün götürülmüş siyasi kursun nəticəsi olduğunu qeyd etdi: "Bu gün Azərbaycan dövləti yürütdüyü daxili və xarici siyasət nəticəsində dünyanın inkişaf etmiş dövlətləri arasında yer almaqla regionun lider dövlətinə çevrilib. Bu nailiyyətin təməlində isə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın gələcək inkişafına hesablanmış idarəçilik startegiyası dayanır. Azərbaycanın istər iqtisadi, istərsə də siyasi cəhətdən güclənməsi bu startegiyanın məntiqi davamıdır. Bu gün bu uğurlu startegiya əsasında uğurlu siyasi kursu davam etdirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Onun ətrafında sıx birləşən YAP iqtidarı Azərbaycanı daha da inkişaf etdirəcək gücə sahib bir komandadır".

S.Əliyev qeyd etmişdir ki, regionda ən güclü partiya olan Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır: "Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün ölkə Prezidenti Cənab İlham Əliyevin Sədrlik etdiyi Yeni Azərbaycan Partiyası regionda ən güclü partiya olaraq yeni mərhələsini yaşayır. Məhz buna görə də biz YAP-ın Sədri Cənab İlham Əliyevin ətrafında sıx birləşməli və Onun apardığı siyasəti dəstəkləməliyik".

S.Əliyev onu da vurğuladı ki, 70 saylı Masallı şəhər Seçki Dairəsi üzrə YAP tərəfindən Nəriman Əlibala oğlu Əliyevin ikinci dəfə Milli Məclisə seçkilərdə namizədliyinin irəli sürülməsi və xüsusilə YAP tərəfindən dəstəklənməsi bizim üçün, on bir minə yaxın üzvü olan YAP Masallı rayon təşkialtı üçün, partiyamızın üzvləri üçün böyük etimad və fəxarətdir: "Buna görə də sizin hər birinizi YAP-ın layiqli namizədi Nəriman Əliyevə səs verməyə çağırıram".

Çıxış edən Masallı rayon qazisi, Hacı Mirqiyas Təhməzov Ulu Öndər Heydər Əliyevin dini dəyərlərə verdiyi böyük önəmdən söz açaraq bu gün də bu ənənələrə sadiq qalındığını və Cənab İlham Əliyevin dini məsələlərə xüsusi diqqət yetirdiyinin, dini təyinatlı binaların, məscidlərin, ziyarətgahların təmirinə, yenidən qurulmasına xüsusi əhəmiyyət verdiyini vurğuladı. Son zamanlar ölkəmizdə tikilmiş və yenidən bərpa olunmuş çoxsaylı ibadət ocağının adlarını qeyd edən Hacı Mirqiyas Təhməzov bu quruculuq işlərinin Masallı rayonunda da geniş şəkildə aparıldığını vurğuladı. Milli Məclisə seçkilərdə namizədliyi irəli sürülmüş Nəriman Əliyevin də bu qəbildən olan məsələlərə böyük diqqət yetirdiyini vurğulayan natiq seçkilərdə hər kəsi YAP-ın namizədi olan Nəriman Əliyevə səs verməyə çağırdı.

Çıxış edən YAP veteranı, prezident təqaüdçüsü Şirvan Əbilov YAP-ın yaranmasından və bu partiyanın Azərbaycanın dövlətçilik tarixində oynadığı müstəsna rolundan söz açdı: "YAP sıralarında hər zaman dövlətə, vətənə böyük sevgi, sədaqət göstərənlər birləşib. Milli Məclisə namizədliyi YAP tərəfindən irəli sürülmüş Nəriman Əliyev də dövlətinə, xalqına, vətəninə xidməti ilə seçilən şəxsdir və hamınızı 1 noyabr 2015-ci ildə Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın namizədi Nəriman Əliyevə səs verməyə çağırıram".

Görüşdə digər çıxış edən YAP Masallı rayon təşkilatı gənclər birliyinin sədr müavini Kəmalə Bəşirova, Masallı rayon "Ziyalılar" cəmiyyətinin sədri Qardaş Fətullayev, müəllimə Solmaz Rəsulova, "EMBAWOOD" mebel fabrikinin baş direktoru Məşhur Məmmədov, "Fəxrəddin-K" kərpic zavodunun direktoru Fəxrəddin Baxışov və başqaları çıxış edərək Nəriman Əliyevin Milli Məclisdəki fəaliyyətindən geniş söz açaraq müstəqil Azərbaycanımızın daha da çiçəklənməsi, inkişafı naminə bütün Masallı seçicilərini 1 noyabrda keçiriləcək parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırdılar.

Sonra çıxış edən Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər Seçki Dairəsi üzrə deputatlığa namizədi Nəriman Əliyev, ona bir daha göstərilən etimada görə YAP Masallı rayon təşkilatının çoxsaylı üzvləri adından YAP-ın Sədri Cənab İlham Əliyevə öz təşəkkürünü bildirdi. Seçicilərin görüşə böyük bir izdiham və şövqlə gəldiklərinə görə öz minnətdarlığını bildirdi və bu görüşdən böyük fəxarət hissi duyduğunu vurğuladı. Nəriman Əliyev, həmçinin son zamanlar dövlətin apardığı uğurlu daxili və xarici syasətdən söz açaraq sosial layihələr içərisində regionların inkişafına böyük diqqət yetirildiyini qeyd etdi: "Regionların inkişaf etdirilməsinə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin xüsusi diqqət yetirdiyini söyləyən natiq, bu layihələr çərçivəsində Masallıda bir çox işlər görülübdür: "Masallının ərazisinin genişləndirilərək ona şəhər statusunun verilməsi, Masallı şəhər və ətraf yaşayış məntəqələrində müasir su-kanalizasiya sisteminin qurulması, qazlaşdırılmanın respublikada maksimum səviyyəyə çatdırılması, yeni yolların salınması, yeni istehsalat obyektlərinin, kənd təsərrüfatı təyinatlı müəssisələrin, yeni iş yerlərinin açılması dövlətimizin gördüyü işlərdəndir. Bizim hələ görəcək çox işlərimiz var. Növbəti ən böyük hədəfimiz isə Masallıda regional sənaye zonası yaratmaqdır. Biz səylə çalışırıq ki, bu layihə həyata keçsin. Çünki bu layihənin həyata keçməsi minlərlə yeni iş yerinin açılması deməkdir. Dövlətimizin başlıca qayəsi də məhz budur. Mən, sizləri bu işlərdə bizə kömək, yardımcı olmağa çağırıram. Belə ki, bizim davam etməmiz üçün hər kəsi 1 noyabrda 2015-ci ildə keçiriləcək parlament seçkilərində YAP-ın layiqli namizədlərinə dəstək olmağa səsləyirəm və hamınıza öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə