İsmayıl Ağayev: “Seçicilər öz sözünü deyəcək və qutudan mən çıxacam" MÜSAHİBƏ - SƏS TV

İsmayıl Ağayev: “Seçicilər öz sözünü deyəcək və qutudan mən çıxacam" MÜSAHİBƏ - SƏS TV

60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd, Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayevin SİA-ya müsahibəsi:

- İsmayıl müəllim, Azərbaycandakı seçki mühitini, seçki prosesini ölkədəki ictimai-siyasi prosesin tərkib hissəsi kimi qiymətləndirmək olar?

- Azərbaycanda hazırda ictimai-siyasi vəziyyət çox stabildir və normaldır. Vətəndaşların narahatçılığına heç bir əsas yoxdur. Ölkəmizdə ictimai-siyasi mühitin belə gözəl formalaşması illərdir ki, davam edir. Vətəndaş-cəmiyyət və cənab Prezident İlham Əliyev arasındakı bu əlaqələr ölkənin Prezidentinə, onun dövlətinə etimaddır. Bu etimad xalq arasında kifayət qədər yüksəkdir. Təbii ki, seçkilərin belə sakit bir tərzdə davam etməsi də həmin söylənilənlərin tərkib hissəsidir.

- Ölkəmizdə azad və ədalətli formada keçirilən seçki prosesində öz platformanız barədə seçicilərinizə dolğun, ətraflı, onlara inam aşılaya bilən məlumatlar çatdıra bilmisiniz?

- Təbii ki, namizədlərin maraqları və tərəfdarları var. Hal-hazırki deputatın, eləcə də növbəti illərdə yenidən Milli Məclisdə təmsil olunan insanların hamısının özünün şəxsi maraqlarının olduğunu nəzərə alaraq, Beynəlxalq Diaspor Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını təmsil edən bir insan, 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliyi qeydə alınan bir şəxs kimi illərdir topladığım təcrübəni, tapdığım tərəfdaşları və gələcəkdə aparacağım işləri, Vətənimizə, dövlətimizə edəcəyim işləri nəzərə alaraq kifayət qədər zəngin və dolğun platforma hazırlamışıq. Bu platformamız beynəlxalq səviyyəyə, standartlara uyğundur. Hansı ki, burada Türkiyə, Avropa və Yaxın Şərqə hücum edən İsrail modeli var. Niyə? Əgər biz bu gün insan haqq və hüquqlarının hansısa formasını Avropadan götürəcəyiksə, kənd təsərrüfatının, aqrar sahənin, sektorunun inkişafını Yaxın Şərqdən götürürüksə, vətəndaşda dövlətə, dövlətçiliyə, bayrağımıza, millətimizə hörmətin, rəğbətin olmasını biz Türkiyədən götürəcəyiksə hesab edirəm ki, mənim platformam beynəlxalq səviyyəli bir platformadır. Sadə vətəndaşlar, xalq, 60 saylı Salyan-Neftçala seçki dairəsinin nümayəndələri də bu platformanı sevinclə və gözəl şəkildə oxuyurlar. Bir sözlə, onlar çox məmnundurlar.

- Seçkilərə rəsmi start verildikdə və ümumilikdə isə bu prosesin başlanğıcından bu günə qədər neqativ halla rastlaşmısınız?

- Təbii ki, neqativ hallarla rastlaşmışıq. Bununla bağlı Dairə Seçki Komissiyasına (DSK), Mərkəzi Seçki Komissiyasına, o cümlədən Rayon İcra Hakimiyyətinə müraciət etmişik. Qarşılaşdığımız bu neqativ hallarla əlaqədar olaraq bir neçə vəzifəli şəxs tutduğu vəzifədən azad olunub. Məsələn, Salyan rayonunun Varlı kəndində məntəqənin katibi seçki məsələsinə müdaxilə etdiyinə görə DSK-ya müraciət etdim və onlar dərhal həmin şəxsi işdən azad etdilər. Sadəcə olaraq xırda qanun pozuntuları olmuşdu.

- Necə düşünürsünüz, insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin olunmasını istəyən bütün qüvvələr Azərbaycanda seçki prosesinə öz dəstəyini göstərməlidirlər?

- İnsan haqqlarının və hüquqlarının ən yüksək səviyyədə qorunması dünyanın heç bir dövlətində ideal şəkildə deyil. Yəni bu gün dünyaya meydan oxuyan, insan haqq və hüquqlarından danışan ABŞ-ın özünü götürsək belə orada şahidi oluruq ki, polis işçiləri qaradərili insanları günün günorta çağında necə amansızcasına qətlə yetirir. Bizə demokratiya dərsi keçmək istəyən Avropanı götürsək isə orada miqrantlara qarşı və bir günün içərisində böyük dövlətlərin (müsəlman dövlətlərinin) üzərinə etdiyi total hücumun və o ölkəni dağıtmaq missiyasının öz üzərinə götürən böyük güc dövlətlərinin insan haqq və hüquqlarından danışması belə absurddur. Bu gün Azərbaycana qarşı ikili standartlardan yanaşan, islamafobiyanı gücləndirən "5-ci kolon"nun nümayəndələri hesab olunan bu bəzi və daxili qüvvəli insanlar təbii ki, xırda da olsa insan haqq və hüquqları ilə bağlı ölkəmizi təhdid edirlər, onun üzərinə gəlirlər. Bu birmənalı şəkildə aparılmış qara-piar kampaniyasıdır. Biz bunu belə qəbul edirik və Beynəlxalq Diaspor Mərkəzi olaraq Azərbaycanın milli, dövlətçilik maraqlarını hər şeydən üstün tuturuq.

- Son olaraq, noyabrın 1-i 2015-ci il tarixində Azərbaycan Respublikasında Milli Məclisə keçiriləcək seçkilərdə qələbə qazanacağına inanırsınız?

- Mən 60 saylı Salyan-Neftçala seçki dairəsində seçicilərlə bütün görüşlərimdə, çıxışlarımda başqa namizədlərə nisbətdə iki-üç dəfədən çox seçicilərlə görüşürəm, vətəndaşlar mənlə təmas qururlar. Beləcə onlar mənim platformamı oxuyurlar. Hesab edirəm ki, seçicilər 1 noyabrda seçkiyə gələcəklər, öz sözünü deyəcəklər və o qutudan mən çıxacam.

Bütün xəbərlər Facebook səhifəmizdə