FHN-nin 10 illiyinə həsr olunmuş konfrans keçirilib

FHN-nin 10 illiyinə həsr olunmuş konfrans keçirilib

26 oktyabr 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illiyi münasibətilə "Dənizdə qəza-xilasetmə və dağılmış neftin ləğvi əməliyyatları" mövzusunda konfrans keçirilib. FHN-dan SİA-ya verilən məlumata görə, FHN-in Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin təşkilatçılığı ilə nazirliyin Akademiyasında təşkil olunmuş tədbirdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Dəniz Administrasiyası, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti, SOCAR və "BP-Azərbaycan" şirkətinin nümayəndələri iştirak edib.

Əvvəlcə, konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin FHN Akademiyasının həyətində ucaldılmış abidəsinin önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra öz işinə başlayan konfransı giriş sözü ilə açıq elan edən FHN-in Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin rəisi Piri Quluzadə müzakirə olunan mövzuların əhəmiyyətindən bəhs etmiş, dənizdə qəza-xilasetmə və dağılmış neftin ləğvi üzrə ötən illər ərzində görülmüş işlər və bu sahədə nazirliyin digər aidiyyəti qurumlarla sıx əməkdaşlığından danışıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mirsalam Qəmbərov, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin departament rəisi Ələkbər Əzizli, SOCAR-ın Ekologiya idarəsinin şöbə rəisi Elnur Əlizadə, Dövlət Dəniz Administrasiyasının əməkdaşı Nadir Dadaşov, "BP-Azərbaycan" şirkətinin nümayəndəsi Osman Tarzumanov və digər natiqlər neft dağılmaları sahəsində beynəlxalq təcrübənin tətbiqi, dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə neft yükləmə-boşaltma əməliyyatlarının təhlükəsizliyi və digər mövzularda məruzələr edib, təqdim edilən məruzələr ətrafında geniş müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə