Nəsimi seçiciləri YAP-ın namizədinə səs verəcəklər

21 saylı Nəsimi 1-ci Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülən Məlahət İbrahimqızının səhiyyə işçilərilə görüşü keçirildi
Nəsimi seçiciləri YAP-ın namizədinə səs verəcəklər

Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi 1-ci Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülən Məlahət İbrahimqızının təbliğat-təşviqat kampaniyası çərçivəsində rayon ərazisində yaşayan bir qrup səhiyyə işçilərilə görüşü keçirildi.

Görüşdə çıxış edən Məlahət İbrahimqızı bildirdi ki, Azərbaycan bu gün özünün inkişaf tempinə görə dünyanın inkişaf etmiş dövlətlərilə bir sırada addımlayır: "Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, müasir dövrümüzdə Möhtərəm Prezident Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs Azərbaycanı daha da böyük nailiyyətlərə aparır. Bu nailiyyətlər düzgün qurulan daxili və xarici siyasətin nəticəsidir. Cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi ilk gündən hər bir vətəndaşın Prezidenti olduğunu öz əməli işilə sübut etdi. Bu gün Azərbaycanın elə bir regionu yoxdur ki, dinamik inkişaf yolu ilə irəliləməsin".

Parlament seçkilərinin hər bir ölkənin həyatında oynadığı rolun böyük əhəmiyyət daşıdığını bildirən M.İbrahimqızı vurğuladı ki, xalqın iradəsinə əsaslanan seçkilərin nəticələri hər zaman Azərbaycan vətəndaşlarının ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasına böyük dəstək olduğunu nümayiş etdirir.

O, görüşə gəlmiş bütün seçicilərə öz təşəkkürünü bildirərək, növbəti dəfə millət vəkili seçiləcəyi təqdirdə, əməli fəaliyyətilə hər bir seçicisinin etimadını doğruldacağını bildirdi. Qeyd etdi ki, millət vəkilinin ən əsas vəzifəsi ölkəmizin inkişafı üçün daha mütərəqqi, daha işlək qanunların qəbuluna nail olmaq və əhalinin problemlərinin həllinə yönələn təkliflərin irəli sürülməsidir.

Seçicilərlə keçirilən görüşdə Milli Məclisə namizəd 1 noyabrda keçiriləcək seçkilərdə daha fəal olmağı seçicilərə tövsiyə etdi.

Görüşdə YAP Nəsimi rayon təşkilatının sədr müavini Şakir Musayev çıxış edərək M.İbrahimqızının millət vəkili kimi həmişə fəal olduğunu bildirərək, növbəti seçkilərdə də seçiciləri düzgün seçim edərək ona səs verməyə çağırdı.

Görüşlərdə seçiciləri maraqlandıran suallar detutatlığa namizəd tərəfindən cavablandırdı.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə