Xələf Xələfov əminliyini ifadə edib

Xələf Xələfov əminliyini ifadə edib

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov MDB İcraiyyə Komitəsinin sədr müavini, MDB Müşahidə Missiyasının rəhbəri Vladimir Qorkunu və missiyanın qərargahının başçısı Yevqeniy Slobodanı qəbul edib. XİN-dən SİA-ya verilən məlumata görə, Xələf Xələfov qarşıdan gələn parlament seçkilərinin demokratik və şəffaf mühitdə keçirilməsi üçün bütün zəruri tədbirlərin görüldüyünü və seçkilərin müşahidə edilməsi üçün beynəlxalq tərəfdaşlara dəvətlərin göndərildiyini qeyd edib. Nazir müavini seçki prosesində müşahidə missiyalarının öz vəzifələrini maneəsiz yerinə yetirməsi üçün lazımı şəraitin yaradıldığını nəzərə çatdıraraq, MDB müşahidə missiyasının seçki prosesində fəal iştirak edəcəyinə əminliyini ifadə edib. O, xarici müşahidəçilərlə bərabər, seçkilərin çoxsaylı yerli müşahidəçilər tərəfindən də yaxından izlənəcəyi barəsində məlumat verib.

MDB Müşahidə Missiyasının rəhbəri müşahidəçilər üçün yaradılmış şəraiti və seçki prosesini yüksək qiymətləndirdiklərini vurğulayıb. O, rəhbərlik etdiyi missiyanın seçkilərin müşahidəsini həyata keçirərkən obyektivlik, tərəfsizlik, siyasi qruplara dəstək verməmək və ölkənin daxili işlərinə qarışmamaq kimi prinsipləri rəhbər tutduğunu bildirib.

Vladimir Qorkun qarşıdan gələn seçkilərdə ölkəmizə uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə