Nərimanov rayonunda YAP-ın deputatlığa namizədlərinin təbliğatına uğurla başlanılıb

Nərimanov rayonunda YAP-ın deputatlığa namizədlərinin təbliğatına uğurla başlanılıb

Yeni Azərbaycan Partiyası (YAP) seçki qanunvericiliyinə uyğun olaraq noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı seçki kampaniyasını uğurla davam etdirir. Artıq oktyabrın 9-dan seçki kampaniyasının təbliğat-təşviqat mərhələsinə start verilib. SİA-nın verdiyi məlumata görə, bununla əlaqədar olaraq, partiyanın rayon və şəhər təşkilatları bütün imkanlarını səfərbər ediblər.

Qeyd edək ki, YAP-ın Nərimanov rayon təşkilatının Seçki Qərargahı da parlament seçkiləri kampaniyasını fəal şəkildə həyata keçirir. Belə ki, Nərimanov rayonunda Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib.

YAP Nərimanov rayon təşkilatının sədri, Seçki Qərargahının rəhbəri Təmraz Tağıyev bildirib ki, artıq rayon ərazisində partiyanın namizədlərinin təbliğat plakatları müvafiq yerlərdə ayrılmış lövhələrə vurulub. Onun sözlərinə görə, bu prosesi əsasən partiyanın gənc fəallarından ibarət olan qrup həyata keçirib. "Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının fəal gənclərindən yaradılmış təbliğat-təşviqat komandası YAP namizədlərinin plakatlarını məntəqə seçki komissiyalarının ərazisindəki təbliğat-təşviqat lövhələrinə yapışdırılması prosesini uğurla sona çatdırıb. Biz kampaniya müddətində namizədlərin təbliğatını fəal şəkildə aparacağıq", - deyə T.Tağıyev vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə